Qərb mediası yazır ki, Moskva hiddətini NATO üzvü Türkiyəyə yox, etnik azlıq olan türkmanlara yönəldə bilər
Qərb mediası yazır ki, postsovet tarixində ilk dəfə olaraq NATO üzvü Türkiyə ilə bu alyansın əsas rəqibi olan Rusiya arasında baş vermiş "hava dueli” hətta Yaxın Şərqdə də yaxşı tanınmayan etnik azlığı – Suriya türkmanlarını siyasi gündəmə gətirib.
Vox.com saytı bir az da dəqiqləşdirir: "Rusiyanın hərbi təyyarəsindən katapult etmiş iki pilotun onlar tərəfindən öldürülməsi barədə xəbərlər, Assad-a qarşı döyüşən qruplaşmaların arasında ən az tanınan türkmanları diqqət mərkəzinə gətirib”.
"Vox” saytında dərc olunmuş məqələdə Woodrow Wilson Beynəlxalq Araşdırma Mərkəzinin Yaxın Şərq proqramının direktoru Henri Barkey Türkiyənin tarix boyunca türkmanlardan alət kimi istifadə etdiyini bildirir və rusların təyyarə insidentinə mümkün reaksiyasının proqnozunu verir.
Henri Barkey deyir ki, Suriyadakı türkman azlığı barədə məlumatlar yayğındır və heç kəs onların dəqiq saylarını bilmir.
"Türklər onlardan Assad-la mübarizə üçün daha bir qol kimi istifadə edirlər” – deyir Barkey.
Təhlilçinin fikrincə, türkmanların Rusiya pilotlarını öldürdükləri barədə xəbərlər doğrudursa, buna Rusiyanın hiddəti hətta təyyarənin vurulmasına olan hiddətdən də güclü olacaq.
"Beynəlxalq qanunlara görə, paraşütçülərə atəş açmaq olmaz” – deyir alim.
Türkman kartı
Henri Barkey-nin fikrincə, Türkiyə türkmanlardan təkcə Suriyada yox, həm də İraqda alət kimi istifadə edir.
O qeyd edir ki, ABŞ koalisiyasının İraqa 2003-cü ildə müdaxiləsi zamanı türklər İraqdakı türkman kartını kürdlərə qarşı oynamışdılar.
Barkey qeyd edir ki, Türkiyənin onlardan istifadə etməsi Ankaraya iki məqamı anlatmışdı.
Barkey-in dediyinə görə, "birincisi, türklər başa düşmüşdülər ki, türkmanlar Türkiyədən daha çox öz şiə məzhəblərinə loyaldırlar. Bundan başqa bəzi məlumatlara görə, türkman silahlılar Kərkük qubernatorunun həyatına qəsd planında iştirak etmişdilər”.
Məqalədə deyilir ki, əgər türklər bu dəfə də türkman kartını oynamaq istəsələr, oyunu başqa cür aparmalı olacaqlar, çünki Suriya türkmanları İraq türkmanlarından fərqli olaraq sünnidirlər.
Lakin ekspertin firkrincə, bütün hallarda belə qruplar onlardan istifadə edənlərin qaydalarına axıradək tabe olmur.
"Türklər türkmanlardan həmişə kürdlərə qarşı istifadə ediblər. Onlar türkman haqlarından danışarkən, adətən kürd haqlarını tapdalayırlar, hərçənd sayca kürdlər türkmanlardan xeyli çoxdurlar. Əslində mən əminəm ki, türklər BMT Təhlükəsizlik Şurasına rusların bu ərazilərdə türkmanlara qarşı qətliam və soyqırım törətdikləri barədə şikayət edəcəklər” – deyir Barkey.
Türkiyənin əvəzinə türkmanlar vurulacaq
Britaniyanın "The Telegraph” qəzetinin Moskva müxbiri Roland Oliphant yazır ki, Rusiyanın öz təyyarəsinin vurulmasına cavab zərbəsi mütləq olacaq.
Müxbir yazır ki, Su-24 təyyarəsinin vurulması, Rusiya prezident Assad-ın müdafiəsi üçün hava reydlərinə başlayandan bəri, Moskvanın məruz qaldığı ən böyük itkidir.
Oliphant yazır ki, bu hadisə həm də pilotlar, onların ailələri və yoldaşları üçün ağır itkidir.
Müxbirin fikrincə, belə vəziyyətdə Rusiyanın hərbi zərbə ilə cavab verməsi istisna olunmalıdır.
"Türkiyə NATO üzvüdür və cavab olaraq onun təyyarələrinin vurulması üçüncü dünya müharibəsinin başlanmasına səbəb olardı” – yazır "The Telegraph”.
Oliphant düşünür ki, əvəzində Rusiya Suriyada Türkiyə tərəfindən dəstəklənən qrupları, o cümlədən türkmanları vuracaq.
Bəzi Qərb media qurumları yazırlar ki, Putinin qəzəbli bəyanatına qəzəbli cavab verən Ankara hər halda münasibətlərin gərginləşməsində maraqlı görünmür və təyyarə insidentinin günahını çiyinlərindən atmağa çalışır.
Türkiyə "günahı” çiyinlərindın atmağa çalışır?
Reuters agentliyi xəbər verir ki, Suriyadakı türkman qüvvələri komandanının müavini Rusiya pilotlarlarından birinin onun döyüşçüləri tərəfindən öldürüldüyünü deyib.
Rusiya hərbçiləri də təyyarəçilərdən birinin paraşütlə enərkən vurulduğunu, digərinin isə xilasetmə əməliyyatı zamanı öldürüldüyünü təsdiq ediblər.
Lakin vəzifəli Türkiyə rəsmilərindən biri bildirib ki, "pilotlardan ən azı biri” sağ qalmış ola bilər.
"Bu dəqiq xəbər deyil, sadəcə ehtimaldır, lakin biz pilotların qaytarılması üçün bütün zəruri tədbirləri görəcəyik” – deyib həmin rəsmi.
Bəzi müşahidəçilərin fikrincə, bunu rəsmi Ankaranın ruslara lütfkarlıq jesti göstərməyə çalışdığı kimi də başa düşmək olar.
"The İndependent"in məqaləsində isə "türkman döyüşçülərin rus pilotlarını necə öldürdüklərindən bəhs etdikləri” bildirilir.
Qəzet yazır ki, türkman döyüşçülərin komandirlərindən Alparslan Çelik hər iki pilotun onun dəstəsi tərəfindən öldürüldüyünü bildirib.
Elə eyni məqalədə deyilir ki, pilotların öldürüldüyü rəsmən təsdiq edilməyib.
Türkmanlar hərbi güc kimi
BBC isə türkmanlar barədə nisbətən geniş məlumat verməyə çalışıb.
BBC məqaləsində deyilir ki, Assad rejimi dövründə türkmanlara öz dillərində yazmaq və qəzet çap etmək qadağan olunmuşdu. Bashar Assad hökuməti, ümumiyyətlə ölkədə heç bir etnik azlığın varlığını qəbul etmirdi.
Bu da qeyd olunur ki, türkmanlar Assad rejiminə qarşı silahlı mübarizəyə Türkiyə tərəfindən ilhamlandırılıblar. Onlar Qərb və Körfəz ölkələri tərəfindən dəstəklənən müxalif Milli Koalisiyaya daxil olublar.
Onların Latakiyadakı Cabal əl-Türkman Briqadası 2013-cü ildə yaradılıb və 12 hərbi birləşmədən ibarətdir.
BBC yazır ki, türkmanların İkinci Sahil Diviziyası 2015-ci ildə təşkil olunub və Qərb tərəfindən dəstəklənən Suriya Azadlıq Ordusuna daxildir.
Bəzi xəbərlərə görə, bu briqadalar şimali Latakiyadakı başqa anti-Assad qüvvələri ilə, o cümlədən əl-Qaedaya bağlı Nüsra Cəbhəsi və Əhrar əş-Şəm islamçı qruplaşması ilə birlikdə döyüşürlər.
Onların əsas rəqibi Suriya hökumət qoşunları və İslam Dövləti adlandırılan təşkilatdır.
Türkmanların daha bir dəstəsi olan Sultan Selim Briqadası kürdlərə rəğbətli türkmanlardan təşkil olunub. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !