Texniki KİV-də “HTC One M8”, “Samsung Galaxy S5”, “Sony Xperia Z2”, “Nokia Lumia Icon” və “iPhone 5s” kimi qabaqcıl smartfon modelləri həmişə müzakirə olunsa da, reallıqda əsl inqilab ucuz smartfonlar bazarında baş verir.
Məsələn, son aylar bazarda qiyməti müvafiq olaraq 129 və 80 dollar olan “Motorola Moto E” və “Alcatel OneTouch Fierce” modelləri çıxarılıb. Bu, güclü prosessorla təchiz edilmiş və lazımi texniki xarakteristikalara (4G, 13 meqapikselli kamera, 1080p formatlı video, dördnüvəli CPU, Android 4.2+ və s.) malik mükəmməl mobil kompüterlərdir. “Gorilla Glass” şüşəli “Motorola” smartfonunu müqavilə əsasında 79 dollara əldə etmək mümkündür.
Analitiklərin fikrincə, belə modellər sayəsində Yer kürəsi əhalisinin əksər hissəsi müasir texnologiyalara yiyələnə biləcək. Məsələn, “Ericsson” şirkətinin məlumatına görə, ötən ilin sonunda dünyada smartfon sahiblərinin sayı 1,9 milyard təşkil edib, lakin artıq beş ildən sonra bu göstəricinin 5,9 milyardadək artacağı gözlənilir. Belə olan halda yoxsul ölkələrdə artımın ucuz smartfonlar hesabına təmin ediləcəyi şübhə doğurmur.
Planet sakinlərinin əksəriyyəti internetə qoşulmaq və dünyanın bütün informasiyasına çıxış imkanı əldə edən zaman insanların həyatı köklü şəkildə dəyişə bilər ki, bunun da yaxın bir neçə il ərzində baş verəcəyi ehtimal edilir, - “Xaker www.xakep.ru” yazır.
ictnews.az