Ukrayna Dövlət Aviasiya Xidməti hərbi əməliyyatların keçirildiyi bölgənin hava məkanından uçuşları dayandırdı.
AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Xidmətdən bildirilib ki, sərnişin təyyarəsinin vurulmasından sonra Donetsk, Luqans və Xarkov vilayətləri üzərindən sərnişin təyyarələrinin uçuşlarına qadağa qoyulub.
Xatırladaq ki, iyulun 18-də Ukrayna səmasında vurulan, Amsterdam-Kuala Lumpur marşrutu ilə hərəkət edən və içərisində 298 sərnişinin olduğu Malayziyaya məxsus “Boeing-777” təyyarəsinin düşdüyü ərazidə 121 nəfərin meyiti tapılıb. Axtarış xilasetmə işləri Donetsk vilayətinin Rassıpnoye və Qrabovo yaşayış məntəqələri arasında aparılır. Bu məqsədlə 95 nəfər və 18 ədəd texnika cəlb edilib, lakin silahlı separatçılar aparılan işlərə mane olur.
“Malaysia Airlines” şirkəti təyyarədə olan sərnişinlərin siyahısını da açıqlayıb. “Boeing-777”də 154 Niderland, 27 Avstraliya, 23 Malayziya, 11 İndoneziya, 6 Britaniya, 4 Almaniya, 4 Belçika, 3 Filippin, 1 Kanada vətəndaşı olub. 47 nəfərin vətəndaşlığı hələlik müəyyənləşməyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !