Ukraynada hakimiyyət və müxalifət danışıqlar zamanı etirazçıların və polisin Kiyevin mərkəzi küçələrini boşaltmasına dair razılığa gəlib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Administrasiyasının rəhbərinin birinci müavini Andrey Portnov bildirib.
“Tərəflər arasında əldə olunan razılığa əsasən, Kiyevin meydan və küçələri tədricən etirazçılardan və asayiş keşikçilərindən boşaldılacaq”, deyə Andrey Portnov bildirib.
Ukrayna prezidenti Viktor Yanukoviç müxalifət liderləri ilə keçirdiyi görüşdə həmçinin iğtişaşlar zamanı saxlanılan bütün etirazçıların azadlığa buraxılmasını nəzərdə tutan amnistiya haqqında qanunun qəbuluna razılıq verib. Bunun müqabilində o etirazçıların ələ keçirdikləri bütün binaların boşaldılmasını xahiş edib.
Bununla belə bu il növbədənkənar prezident seçkilərinin keçirilməsi etirazçıların əsas tələbi olaraq qalmaqdadır.
“UNİAN”ın verdiyi xəbərə görə, bu barədə Müstəqillik meydanında çıxışı zamanı “UDAR” partiyasının lideri Vitali Kliçko deyib.
Onun sözlərinə görə, prezident saxlanılan etirazçıların azadlığa buraxılmasına və yanvarın 16-da Ali Rada tərəfindən qəbul olunmuş qanunlara dəyişikliklər olunmasına razılıq verib.
“Bu günün nəticəsi nədən ibarətdir. Yanukoviç artıq nəyə hazırdır? Saxlanılan etirazçıların azadlığa buraxılmasına. 2004-cü il Konstitusiyasının qaytarılması üçün işə başlamaq. Müəyyən şərtlərlə hökuməti istefaya göndərmək... Hələlik diktator qanunlarının ləğv olunması tələbi ilə razılaşmır, onlara sadəcə dəyişikliklərin edilməsini təklif edir. Bizim tələbimiz - bu qanunlar ləğv olunmalıdır. Bizim tələbimiz - prezident seçkiləri bu il keçirilməlidir. Danışıqlar davam edir və biz dözümlü olmalıyıq. Və biz heç bir təxribata uymuruq”, deyə Kliçko qeyd edib.
APA
Bizi sosial şəbəkələrdə izləyin !