Ukraynada öldürülən azərbaycanlı merlə MÜSAHİBƏ

01:01 | 27.07.2014
Ukraynada öldürülən azərbaycanlı merlə MÜSAHİBƏ

Ukraynada öldürülən azərbaycanlı merlə MÜSAHİBƏ

Elə bu dəqiqələrdə Ukraynada soydaşımız, Kremençuq şəhərinin meri olan Oleq Babayevin güllələnməsi barədə xəbəri oxudum. Yadıma onunla Kiyevdəki görüşümüz düşdü. Müsahibə alırdım. Amma qəribəsi buydu ki, o daha çox sual verirdi, Bakıdan, Azərbaycandan yeni gəlmiş adamdan çoxdandı görmədiyi yerlər, qəribsədiyi vətəni barədə eşitmək istəyirdi. Eyni zamanda tələsirdi, vaxtı az idi, Radanın iclasına tələsirdi. O zaman Oleq Babayev Rada üzvü olan iki azərbaycanlı millət vəkilindən biriydi.
 
Xatırladaq ki, O.Babayev parlamentin ekologiya, ətraf mühitin mühafizəsi və Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasıyla bağlı komitəsinin və bir sıra xarici parlamentlərarası əlaqələr komissiyalarınin tərkibində fəaliyyət göstərib.
 
Poltava vilayətinin "Vorskla" futbol klubunun prezidenti olub.
 
2008-ci ildə Kiyevdə Rəbiqə Nazim qızının Oleq Babayevdən aldığı müsahibəni ixtisarla təqdim edirik:
 
- Zahirən azərbaycanlıya bənzəmirsiz.
 
- Yəqin, sarışınlığımı nəzərdə tutursunuz. Amma deyirlər cizgilərimdən atama bənzəyirəm. Atam azərbaycanlıdır, anam isə rus. Bəzən atamın adını çəkəndə ukraynalılara qəribə gəlir - Meydan.
 
- Yəni onlara tanış sözdür, Maydanı xatırladır?
 
- Yox, onlar bu sözün etimologiyasını bilmirlər. Burada çox az adam bilir ki, maydan əslində meydan deməkdir. Bəli, mən daha çox daxilən şərqliyəm, hər halda, kənardan da belə deyirlər.
 
- Ukraynada Şərq koloritinə xüsusi sevgi hiss olunur, düz tutmuşam?
 
- Elədir, Şərqin sirli ekzotikası onları çəkir. Mənə gəlincə, xarakterim azərbaycanlı xarakteridir. Uşaqlıqda hər yay Azərbaycanda olurdum. 1965-ci ildə Rusiyada anadan olmuşam, orada böyümüşəm - atam artıq 45 ildir ki, orada yaşayır. özüm peşəkar hərbçiyəm, hərbi məktəbi bitirmişəm, sovet ordusunda xidmət etmişəm, sonuncu xidmət etdiyim yer Kiyev olub, elə buranın da vətəndaşlığını qəbul etmişəm. Ehtiyatda olan polkovnikəm. On beş il orduda xidmət edəndən sonra istefaya çıxıb bizneslə məşğul olmağa başladım. Poltava vilayətində ət kombinatının direktoru vəzifəsində işlədim. Mən ora gedəndə kombinat işlək vəziyyətdə deyildi, indi isə Ukraynanın ən böyük ət kombinatlarından biri sayılır. Yeri gəlmişkən, Azərbaycanın səfiri (Tələt Əliyev - red.) də mənim müəssisəmdə qonaq olub. Sonra seçkilər zamanı Yuliya Timoşenko blokuna düşdüm, siyahıda 107-ci adam idim. Artıq bir ildir ki, xalq deputatıyam. Əgər dəvət gəlsə, nümayəndə heyətinin tərkibində məmnuniyyətlə Azərbaycana gedərdim. Belə bir dəvət olmasa da, özüm ora getməyi düşünürəm. Azərbaycan üçün darıxmışam.
 
- Azərbaycanla bağlı informasiya qıtlığı yaşamırsınız ki?
 
- Burada Azərbaycan kanallarını - AzTV və "Lider"i izləyirəm. Təbii ki, Azərbaycanda və bölgədə baş verənlərdən xəbərim var. Sevinirəm ki, orada siyasi sabitlik hökm sürür. Bunun sirri çox sadədir - orada normal, sivil hakimiyyət, qayda-qanun var, hər kəs öz üzərinə düşən vəzifəni və onu necə həyata keçirməli olduğunu gözəl bilir. Prezident İlham Əliyev Heydər Əliyevin qoyduğu siyasi və ənənələri uğurla davam etdirə bilir. Azərbaycan bu gün təcavüzkar siyasət yeritmir, Qarabağ kimi problemi olsa da, regional konfliktlərdən uzaq durmağa çalışır. Əlbəttə, Qarabağ problemi Azərbaycanın daxili işidir və o özü bu münaqişəni həll edə biləcək. Bu gün öz ölkəsindəki etnik azlıqlarla açıq müharibəyə girmək heç bir dövlətə xeyir gətirmir, Gürcüstan hadisələri də bunu göstərdi. Ən sevindirici məqam budur ki, Azərbaycan bu gün öz milli maraqlarına uyğun siyasət yürüdür. ölkələrimiz bir sıra sahələrdə əməkdaşlıq edir və bu əməkdaşlıq günü-gündən möhkəmlənir. Azərbaycan inkişaf etdikcə, Ukraynada Azərbaycan məhsullarına tələbat da artır. Bu müttəfiqlik təkcə iqtisadi və siyasi müstəvidə getmir, həm də mədəni əlaqələr güclənir. Ukraynada Azərbaycan, Azərbaycanda Ukrayna mədəniyyəti günlərinin keçirilməsi də, fikrimcə, çox vacib addımlardan idi. Ukraynadakı səfiriniz Tələt Əliyev də bu sahədə olduqca çevik fəaliyyət göstərir, biz onunla tez-tez əlaqə saxlayırıq. Azərbaycan Prezidenti İlham Əliyev Kiyevə gələndə səfir ona şəxsən məruzə etdi ki, Ali Radada iki nəfər azərbaycanlı deputat fəaliyyət göstərir - bu mənə çox xoş idi./Publika.Az/
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM