"Unibank”ın təşkilatçılığı ilə Azərbaycanda
ilk dəfə olaraq "Clubhouse” platformasında aparıcı bankların rəhbərləri və Azərbaycan
Respublikası Mərkəzi Bankının Baş direktorunun iştirakı ilə "Azərbaycanda Rəqəmsal
Bankçılıq” mövzusunda müzakirə keçirilib. Müzakirəyə 200-ə yaxın iştirakçı
qoşulub.
Müzakirələrdə Mərkəzi Bankın Baş direktoru
Fərid Osmanov, PAŞA Bankın İdarə Heyətinin üzvü Cəlal Orucov, "Bank
Respublika”nın İdarə heyəti sədrinin müavini Elnur Həsənov, "Kapital Bank”ın
Agile metodologiyasının tətbiqi idarəsinin Baş direktoru Samir Məmmədov və "Unibank”ın İdarə heyəti
sədrinin müavini Fərid Abuşov iştirak ediblər.
Müzakirələrdə vurğulanıb ki, rəqəmsallaşma
istiqamətində əhəmiyyətli irəliləyişlər müşahidə olunur. Son illərdə banklar tərəfindən
bu istiqamət üzrə görülən işlər və tətbiq olunan yeniliklər hesabına bir çox
bank xidmətlərinin məsafədən göstərilməsinə şərait yaradılıb və məsafəli bankçılıq
xidmətlərindən aktiv istifadə edən müştərilərin sayı günü-gündən artmaqdadır.
Yaxın illərdə aidiyyatı bank xidmətlərinin tam rəqəmsallaşmasını təmin etmək,
innovativ maliyyə həlləri və xidmətlər təqdim etmək bankların əsas hədəflərindən
olacaq. Qeyd olunan dəyişikliklər eyni zamanda maliyyə xidmətlərinin əlçatanlığının
artırılmasına və maliyyə inkluzivliyinin inkişafına xidmət edəcək. Yaxın zamanlarda rəqəmsal xidmələr sahəsində bir sıra
yeniliklərin olacağı da diqqətə çatdırılıb. Bu yeniliklər sırasında Apple Pay,
Rəqəmsal Manat və Open Banking konsepsiyasının üzərində qurulan xidmətlərin ölkədə
inkişafına təkan verəcək çərçivənin yaradılması da qeyd olunub
Spikerlər
həmçinin rəqəmsal sistemə keçid prosesində pandemiya amilinin də təsirini
vurğulayıblar. Onların sözlərinə görə, pandemiya bir sıra bank xidmətlərinin rəqəmsal
sistemə transformasiyasını sürətləndirib. Ümumilikdə isə dünya təcrübəsində
bankların rəqəmsallaşmaya tədricən keçdiyi və bu prosesin kifayət qədər vaxt tələb
etdiyi vurğulanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !