Rüstəm Qasımov
Gürcüstan təkcə özünün mənzərəli təbiəti, qədim memarlığı, məşhur mətbəxi, şərabları, səs-küylü masaları ilə deyil, zəngin mədəniyyəti ilə də seçilir. Bizim bugünkü materialımız görkəmli gürcü rəssamı, primitivizm cərayanının dahisi Niko Pirosmaniyə həsr olunub.
Rəssamın həyatından danışarkən qeyd etmək lazımdır ki, onun həyatındakı bir çox məlumatlar faktlara deyil, onun öz sözlərinə və ölümündən sonrakı əhvalatlara əsaslanır. Pirosmaninin bioqrafiyası hətta ən soyuq qəlbləri belə isitməyə qadirdir, onun həyatı çox çətin və ağır keçib.
Rəssam 1862-ci ildə Kaxetiyada Mirzaani kəndində anadan olub. Dükan və mağazalar üçün rəsmlər çəkən səyyar rəssamlardan biraz çəkməyi öyrənib. 1880-cı ilin ortalarında isə digər həvəskar rəssam Qiqo Zaziaşvili ilə birgə Tbilisidə dekorativ sənət emalatxanası açıb. Əfsanəyə görə, ilk şəkillərini onlar pulsuz çəkiblər, sonra isə sifariş ala bilməyiblər. Pirosmani 1890-cı ildə dəmiryolunda əyləc konduktoru kimi işləməyə başlayıb. Müxtəlif qanun pozuntularına görə dəfələrlə cərimələnib, 1894-cü ilin dekabında isə öz istəyilə işindən ayrılıb. Bazar günləri qazancını süd məhsulları ticarətindən qazanıb, Dmitri Aluquşvili ilə birgə süd məhsulları dükanı açıb və dükan üçün "Ağ inək” və "Qara inək” adlı iki rəsm çəkib. Ancaq Pirosmani heç vaxt ticarətə ürək yandırmayıb, tez-tez dükanı tərk edir və qohumlarına baş çəkmək üçün Mirzaaniyə gedirdi. Təqribən 1900-cü ildə isə Pirosmani dükanı tərk edərək, qazancını çəkidiyi rəsmlərdən qazanmağa başlayıb.
Həmin dövrdə Pirosmani psixi cəhətdən qeyri-stabil insan idi, onunla iş görmək mümkün deyildi. O iddia edirdi ki, müqəddəsləri görür və onun fırçası öz-özünə çəkir.
1895-ci ildə Pirosmani rəssamlıqla fəal şəkildə məşğul olub, ticarət müəssisələri və digər məkanlar üçün rəsmlər çəkirdi. Əksər hallarda isə özünün şəxsən hazırladığı boyalardan istifadə edirdi.
1912-ci ildə Pirosmaninin yaradıcılığını Mixail Lorianovun çevrəsinə yaxın olan futurizm təbliğatçıları, şair İlya və rəssam Kiril Zdaneviç qardaşları fərq edirlər və həmçinin onların dostu Mixail Lyo-Dantyö. Kiril Zdaneviç Pirosmanidən çox sayda şəkil alıb, əksəriyyəti də sifariş olub. 1913-cü ilin 10 fevralında isə İlya Zdaneviç "Zaqafqaziy xəbərləri” qəzetində Pirosmaninin yaradıcılığından bəhs edən məqalə çap etdirir. 24 mart 1914-cü ildə isə Moskvada futurist rəssamların "Mişen” adlı sərgisi açılır, burada məşhur rəssamların əsərləriylə birgə Pirosmaninin də bir neçə rəsmi nümayişə çıxarılır. Bundan sonra isə rəsm həvəskarları Pirosmaninin yaradıcılığıyla maraqlanmağa başlayırlar.
1914-cü ildə Dünya Müharibəsinin başlamasıyla Rusiya İmperiyasında sərt qərarlar qəbul olunur və Pirosmaninin yaşayış səviyyəsi kəskin aşağı düşür. Pirosmaninin yaşayış şəraiti çoxlarını maraqlandırmasa da, Tbilisidə onun yaradıcılığına olan maraq sürətlə artırdı, 1916-cı ildə Tbilisidə rəssamın birgünlük sərgisi açılır.
Pirosmani şəkil çəkmək üçün material tapa bilmirdi, o, ən ucuz dükanlarda satılan materiallardan istifadə edərək rəsmlər çəkirdi. Buna görə də qara fon Pirosmani yaradıcılığına məxsus detaldır, ilk növbədə portretlərinə. Pirosmani çox tez və sürətlə çəkirdi və işlərini təkmilləşdirməyə çalışmırdı.
Rəssamın yaradıcığında animalist rəsmlər də üstünlük təşkil edir. Rəssamın orijinal yanaşması və və özünəməxsusluğu xüsusilə maraqlıdır, bunun sayəsində onun rəsmləri bütün rəssamlarınkından seçilir. Məhz bu da Pirosmaninin yaradıcılığını maraqlı edir. Yeri gəlmişkən, bir zaman dillər əzbəri olan Voznesenskinin şeiri əsasında yazılan "Milyonlarla qızılgül” («Миллион роз») Pirosmaninin Marqarita adlı aktrisaya olan sevgisinə həsr edilib. Pirosmani özünün ad günündə əlində olan nə varsa hamısını satır və əldə etdiyi pulla şəhərin dükanlarındakı bütün qızılgülləri alıb, Marqarita de Sevrin evinə göndərir. Əfsanəyə görə, qızılgül dənizini görən aktrisa rəssamın yanına gedərək onu öpüb. Ancaq tarixçilər deyirlər ki, onlar heç vaxt görüşməyiblər. Niko gülləri alıb göndərib, sonra isə dostlarıyla "vurmağa” yollanıb.
Niko Pirosmani 1918-ci ilin 20 aprelində Tbilisidə aclıqdan və xəstəlikdən vəfat edib. O üç gün zirzəmidə qalıb, onu aşkar edib xəstəxanaya yatırıblar, ancaq rəssam bir neçə gündən vəfat edib.
Pirosmaninin məzarının yeri məlum deyil, güman edilir ki, o yoxsulların dəfn olunduğu Kukiy qəbiristanlığında dəfn edilib.
Niko Pirosmaninin yaradılığıyla tanış olmağa mən Gürcü milli qalereyasında nail oldum, burada rəssamın yaradıcılığına üç zal həsr edilib. Rəssamın yaradıcılığını internetdə görməklə canlı görmək arasında çox böyük fərq var. Qalereyada bu şəkillərə uzun-uzun tamaşa etmək çox əlamətdar və zövqlü hiss idi.
Elmi, təhsili, mədəniyyət və maarifçiliyi təbliğ edən ANN.Az xəbər portalı oxucularını dünyanın ən məşhur qalereya və muzeyləri ilə tanış etməkdə davam edir. Bu dəfə sizlərə Niko Pirosmaninin yaradıcılığını təqdim edirik.
Xoş seyrlər:
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !