Klassik xanəndələrimizdən Mirzə Məhəmməd Həsən Fələkzadə Şirvani (1851-1917) qəzəllər yazmış, təsniflər bəstələyərək oxumuş və muğam sənətini zəngiləşdirmişdir. Şərqin böyük xanəndəsi sayılan Cabbar Qaryağdıoğlunun (1861-1944) şairliyi və mahnı bəstələmək qabiliyyəti də vardı. O, deyirdi ki, əruzu bilməyəndən xanəndə olmaz. Cabbarın sayagəlməz təsnif və mahnıları, yalnız öz repertuarında deyil, yaşadığı dövrün və davamçıları olan bütün xanəndələrin dilindən düşməmiş və onların səsində, nəfəsində, avazında səslənmişdir.
Milli opera səhnəsində yaratdığı orbazlarla tarixdə və yaddaşlarda qalan görkəmli xanəndə Qulu Əsgərov (1928-1987) gözəl mahnılar bəstəkarı idi. Xanəndələr onun bəstələdiyi mahnıları hazırda da sevə-sevə oxuyurlar.
Ustad xanəndə, xalq artisti Əlibaba Məmmədov (1930-sağ) zəngin yaradıcılıq yolu keçərək həm də müxtəlif şairlərin sözlərinə özünün də sayını bilmədiyi xeyli mahnılar və təsniflər bəstələmişdir. Bir zamanlar özünün oxuduğu bu zəngin material illərdir ki, əksər xanəndələrin və hazırda isə gənc sənətçilərin repertuarındadır. Ə.Məmmədov 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında yaradıb rəhbərlik etdiyi "Hümayun” xalq çalğı alətləri ansamblının repertuarına özünün bəstələdiyi muğam dəramədləri və rənglərini də daxil etmişdi.
Yazı müəllifi olaraq deyirəm ki, radio çıxışlarımın birində demişəm ki, Əlibaba Məmmədov azərbaycan xalqının çox böyük və məhsuldar çalışan mahnı bəstəkarıdır. Ölkəmizdə keçirilən bütün muğam müsabiqələrində əsasən Əlibaba müəllimin təsnifləri və mahnılarından istifadə olundu. Bu bir daha ona sübutdur ki, onun əsərləri həmişəyaşarlıq qazanıb.
Xanəndə Novruz Feyzullayev (1932-2008) Güney Azərbaycanın Ərdəbil şəhərində doğulub. Uşaqlığı orada, gəncliyi İranın Tehran şəhərində keçib. O, Şah rejimi zamanı İranın rəqs ansamblının rəqqası-solisti olmaqla bərəbər, həm də Novruz Əfşar kimi tanınan məşhur xanəndə idi. İranda "Əfşar” muğamının ən yaxşı ifaçılarından biri olması ilə bağlı olaraq Novruza Əfşar tanıtması verilmişdi. Bu sətirlərin müəllifi 1994-1995-ci illərdə Tehranda səfərdə olarkən bu soydaşımızla bağlı tədqiqat aparmışdır.
Novruz Əfşar 1962-ci ildə valideynləri ilə birgə Qüzey Azərbaycana mühacirət edib, Bakıda məskunlaşıb və burada bir xanəndə kimi Feyzullyev soyadı ilə tanınıb. O, Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansmblının, 1970-ci illərdən "Hümayun” xalq çalğı alətləri ansamblının, 1980-ci illərdə isə İslam Rzayevin (1934-2008) rəhbəri olduğu instrumental ansamblın solisti olaraq ölkəmizdə məşhurluq qazanmışdır. O da istedadlı insanlarımızdan, yazıb yaradan xanəndələrimizdən biri idi. Novruz, təsniflər və mahnılar bəstələyərək öz repertuarına daxil edir, radio fonduna yazdırır və AzTV-də canlı çıxışlar vasitəsilə təqdim edirdi. Sağlığında da və indi də onun mahnılarından və təsniflərindən istifadə edilir.
Milli opera səhnəsində maraqlı obrazlar qalereyası yaradan, xüsusilə Məcnun rolunda özünü təsdiq edərək daha da məşhurlaşan, görkəmli sənətkar, xalq artisti Baba Mahmudoğlu (1940-2006) da yaradıcı insanlardan idi. Onun da bəstələdiyi təsnif və mahnılar var ki, o, bunları Sovet dövründə AzTV-də, mlli radioda, səhnələrdə xalq, aşıq mahnıları kmi təqdim edirdi. Əks təqdirdə bunların səslənməsinə imkan verilmirdi. Müstəqilliyin ilk dönəmindən başlayaraq onun da mahnıları müəllif kimi öz adı ilə təqdim olunmağa başladı. Bu sətirlərin müəllifi kimi qeyd edirəm ki, bütün bunların şahidi olmuşam. Belə ki, B.Mahmudoğlunun yaradıb rəhbərlik etdiyi "Dastan” folklor və "Misri” xalq çalğı alətləri ansambllarının instrumental ifaçısı və musiqi rəhbəri kimi onun bəstələdiyi mahnıların işlənməsi və aranjeman edilməsində xidmətim olub. Baba radio və televiziya fondu üçün oxuduğu "Bayatı-Şiraz” dəstgahına dəraməd və bir neçə rəng bəstələyib.
Xanəndə, xalq artisti Niyaməddin Musayev (1940-sağ) gənclik illərindən mahnılar bəstələmiş və oxumuşdur. Sovet dönəmində bəstəkarlıq təhsili olmayanların ekran-efirdə, səhnələrdə və bədii-kütləvi tədbirlərdə adları müəllif kimi qeyd olunmurdu. Niyaməddinin də mahnıları müstəqillik günümüzə qədər başqa həmkarları kimi xalq mahnısı və ya təsnif adı ilə elan olunurdu. Onun mahnıları xüsusuilə son dövrlərdə gənc müğənnilər tərəfindən oxunur. Yəni bütün mahnıları yaşamaqda və sevilməkdədir.
Xalq artisti Məmmədbağır Bağırzadə (1950-2005) xanəndələr arasında yalnız təcrübəli, gözəl sənəkar olaraq deyil, həmçinin sözə, qəzəliyyata həssaslığı, bilikli olması, həm də diksiyası və usta ifası ilə seçilirdi. Onun bəstələyib oxuduğu bütün mahnılar populyar olur, dəbə düşür, toylara, səhnələrə yol alır və bütün gənc müğənnilərin səsində, nəfəsində və avazında səslənirdi. Məmmədbağır həm də qəzəllər yazırdı. Onun xüsusilə tematik mahnılarından hazırda daha çox istifadə olunur.
Məqalənin girişində adlarını çəkdiyim xanəndələr kimi hərtərəfli istedada malik, yaradıcılıq işlərində çox nailiyyətlər əldə edən bir soydaşımızı da onların sırasında gördüyüm üçün yazını məxsusi ona həsr edərək haqqında səhih bilgi verməklə geniş şəkildə cəmiyyətə tanıtmaqda israrlıyam. O da müğənni kimi sevilir və bəstələdiyi 200-dən artıq mahnı illərdir ki səslənməkdədir. Onun səsi Azərbycandakı televiziyalardan, radiolardan, həm ölkəmizdə və həm də ondan kənarda səhnələrdən gəlir və İnternetin Youtube kanalında yaymlanır. Gənclik illərindən başlayaraq ifaçı, yazar, bəstəkar kimi geniş fəaliyyətdə bulunaraq bu insan səmərəli, çoxşaxəli və zəngin yaradıcılıq yolu keçmişdir. Və onun sənət bulağı daim aşıb-daşdığı üçün bu gün də öz işini davam etməkdədir.
Zəka Vilayətoğlu 1971-ci il noyabr 17-də Gədəbəyin Arabaçı kəndində ziyalı ailəsində dünyaya gəlib. İstedad insanla bir doğulur-fikri Zəkanın qismətində də özünü tam döğruldur. O, da qeyri-adi və hərtərəfli istedada malikdir. 5 yaşından mahnı oxumağa və gitara çalmağa başlayıb. Onun istedadının cilalanması, doğru isteqamətə yönələrək inkişaf etdirilməsində böyük istedad sahibləri; ana babası, kənd məktəbində rus dilindən dərs deyən Muxtar müəllim, dayısı, tarix müəllimi Novruzun xüsusi xidmətləri olmuşdur. Muxtar baba tar çalar, klassik muğamlarımızı zil pərdələrdə şirin, təsirli tembrlə oxuyardı. Qoca çağında Füzulinin qəzəllərini pəs, ahəstə səslə təqdim edərək dinləyənləri heyran qoyur, hamıya xoş əhval və əsl zövq bəxş edirdi.
Universal istedadın ünvanı: Şair, yazıçı, ifaçı, bəstəkar Zəka Vilayətoğlu
Həmin illər ərzində musiqi ilə yanaşı onun ədəbiyyata olan həvəsi də şölələnərək qüvvətlənib və və tədricən öz yerini alıb. Zəka özünü artıq ədəbiyyatsız, şeirsiz, musiqisiz təsəvvür edə bilmirdi. O, ilk şeirini də 7-ci sinifdə yazıb.
Zəka: "Şer yazmağa davam etsəm də, üzə çıxarmaq fikrinə düşmədim. Həmin illərdə kiçik məqalələr yazaraq qəzetlərə göndərirdim. İstər rayon, istərsə də mərkəzi qəzetlər yazılarımı həmən dərc edir və qonorar yazırdılar”.
Z.Vilayətoğlu təhsil illərində yaxşı tələbə kimi seçilir, istedadı ona qol-qanad verdiyi, imkanlar yaratdığı üçün yeni mahnılar bəstələyir, şeirlər, hekayələr yazır və axşamlar bacarıqlı, sevilən gənc müğənni kimi bir sıra konsertlərdə və Bakı toylarında oxuyur.
Universal istedadın ünvanı: Şair, yazıçı, ifaçı, bəstəkar Zəka Vilayətoğlu
Bu sətirlərin müəllifi kimi qeyd edirəm ki, 1990-cı illərin əvvəllərində Zəka ilə bir neçə toyda olduq və bu zaman mən mütəxəssis, təcrübəli müsiqiçi kimi onun məlahətli, geniş diapozonlu, axıcı, titrək, təsirli səsini duydum və daha bir istedadlı müğənnini kəşf etdim. Mən həmin məclislərin aparıcısı idim. Zəkanın yarı-yaraşığı, boy-buxunu, gülər üz cizgiləri, mimikası, təbəssümü sənətilə həmahənglik yaradırdı. Belə üstün cəhətlər bu gün də onda var. Deməliyəm ki, bu qeyd olunanlar müğənnilik, səhnə sənəti üçün mühüm cəhətlər və əsas xüsusiyyətlərdir. Zəka istər səhnədə, istərsə də el şənliklərində insanlarla təmas qurmağı, sənətini təqdim etməyi, özünü-sözünü sevdirməyi çox yaxşı bacarır. O, gənclik illərindən hazırkı dövrə qədər sevimli müğənni kimi tanınır və sənət işlətməyi bu qaydada da davam edir. Onun sənətində tamlıq, bütövlük, əsl peşəkarlıq və səmimiyyət var. Zəkanın sənəti parlaqdır. Bu artıq illəri adlamış, cilalanmış, formalaşmış, təcrübəyə malik sənətdir.
Doğrudan da Z.Vilayətoğlu yazar kimi meydandadır, onun öz oxucuları, fikir bildirənləri və dəyər verənləri var. O, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür və 2019-cu ildə prezident təqaüdünə layiq görülüb.
Şair Oqtay Rza (1934-2019) Zəkanın yaradıcılığını daim izləmiş və onu "Aysberq” adlandırmışdı. Tanınmış, istedadlı yazar Aydın Can isə Z.Vilayətoğlunu "Bard” sayır.
Zəkaya tövsiyə olaraq bildiririk ki, o, mahnılarının notlaşdırılması qayğısına qalaraq məcmuə halında nəşr etdirsin. Əlbəttə, bu özü də zamanın bir tələbidir. Bunu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xətti ilə də etmək mümkündür.
Z.Vilayətoğlu haqqında böyük sənətkarlar, tanınmış simalar efir məkanında, mətbuatda nəsə deməsələr də, xalq artistləri: bəstəkar Ramiz Mirişli (1934-2015), Niyaməddin Musayev, Canəli Əkbərov, Ağaxan Abdullayev (1950-2016), əməkdar incəsənət xadimləri: bəstəkar Tahir Əkbər, Azərbaycan radiosunun musiqi verilişlərinin baş redaktoru vəzifəsində çalışmış Hacıbaba Məmmədov (1947-2019) müəyyən tədbirlərdə yüksək və səmimi fikirlər söyləmişlər. Zəka, Vahid Poeziya evində şair Hacı Mailin (1935-1993) yubiley tədbirində "Orta Segah” oxuyarkən, burada iştirak edən böyük sənətkarlar və onlar arasında Ağaxan Abdullayev məmnunluqlarını, xüsusi zövq aldıqlarını, maraqlı bir səs eşitdiklərini dilə gətirmişdilər. Ustad Ağaxan Zəkanın musiqi dərsi aldığını, müəllimin olub olmadığını soruşmuşdu, demişdi ki, istəsən sabahdan mənim dərsimə gələ bilərsən. Zəkanın səsinə heyranlığını gizlətməyən Azərbaycan Dövlət Musiqili Teatrının baş rejissoru Ədalət Ziyadxanov Zəkanı xalq artisti, ustad xanəndə İslam Rzayevin yanına apararaq tanış etmişdi. İslam müəllim Zəkanın səsini, diksiyasını, ifa manerasını bəyəndiyi üçün onun rəhbərlik etdiyi ansamblın məşqlərinə gəlməsini məsləhət bilmişdi. Həmin dövr toyların qaynar vaxtı olduğu üçün əksər müğənnilər kimi Zəkanın da başı şənliklərə qarışdığı üçün məşqlərə gedə, ansambla üzv ola bilməmiş və belə gözəl fürsətdən kənar qalmışdı.
Zəka Qədim Borçalı, Qarayazı, Başkecid ellərinin sevimli müğənnisi olaraq illərlə orada keçirilən bayram tədbirlərinə və el-obanın toy büsatına dəvət olunmuşdur.
Z.Vilayətoğlu gen yaddaşında olan aşıq mahnılarının da bacarıqlı ifaçısıdır. Bu mahnılar onun ruhuna çox yaxındır, səsində, ifasında məzmunlu və təsirli alınır.
Z.Vilayətoğlu müntəzəm səfərlərdə olaraq səsini minlər, milyonlara ərməğan etmişdir. Onun səsi-sədası çox yerlərdən gəlmiş, nəğmələri ellərə yayılmışdır. O, Türkiyənin, Rusiyanın, Ukraynanın, Gürcüstanın, Tatarıstanın ən böyük şəhərlərində konsertlərdə olmuş, harada soydaşlarımız yaşayırsa, onların toylarının çarçısı kimi çıxış etmişdir. Z.Vilayətoğlunun 2001-2016-cı illəri əhatə edən sənət səfərləri uğurlu olmuş, özünə pərəstişkarlar qazanmış, hər yerdə xalq, aşıq, bəstəkar mahnılarını, muğamlarımızı layiqincə təbliğ etmişdir. O, Türkiyənin Malatya şəhərindəki İnönü Uiversitetinə orada təhsil alan tələbələrin dəvətilə getmiş və çox möhtəşəm görüş baş tutmuşdur. Bu maraqlı səfər də Zəkanın həyatını ən gözəl naxış kimi bəzəmiş və xatirəsində qalmışdır.
Z.Vilayətoğlunun emosional təsirə malik səs imkanlarını, diapozonunu, boğaz qaynatmalarını, xırdalıqlarını, yerli-yerində işlətdiyi melizmləri nəzərə alaraq ona tövsiyələrimiz də var. Çox istərdik ki, o, səsinin, sənətinin şirəli, bəhrəli, sənətinin sanballı və təcrübəli vaxtı bir sıra dəstgah muğamları disklərə yazdırsın. Düşünürük ki, onun ifasında "Çahargah”, "Mirzə Hüseyn segahı”, "Mahur hindi” və "Hümayun” muğamları çox gözəl alınar və səs-sənət tariximiz üçün əsl ərməğan olar.
Əhsən Rəhmanlı,
sənətşünaslıq üzrə fəlsəfə doktoru
Manevr.az
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !