Urmiya gölünün qurudulması ilə bağlı tədbir - FOTO

22:45 | 25.12.2013
Urmiya gölünün qurudulması ilə bağlı tədbir - FOTO

Urmiya gölünün qurudulması ilə bağlı tədbir - FOTO

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) dekabrın 21-də Bakının “Ambassador” otelində “Urmu gölü - Azərbaycanın yaralı yeri” adlı konfrans keçirib. 

Tədbirdə əvvəlcə Urmu gölünün ağır ekoloji vəziyyətini əks etdirən sənədli film nümayiş olundu.

 

Tədbiri giriş sözü ilə açan GAMAC-ın sədri, professor Qulamrza Səbri Təbrizi Urmu gölündə ekoloji fəalkətin getdikcə ağırlaşdığını və İrandakı rejimin əvvəlki tək bu məsələyə biganə yanaşdığını bildirdi.

   

Tədbirin təşkilatçılarından olan sabiq millət vəkili, professor Nəsib Nəsibli isə tədbirdə 4 məruzənin dinləniləcəyini, bu məruzəçilərdən ikisinin skayp vasitəsilə konfransa qoşulacağını bildirdi. Dedi sonda xalqa çağırış mətni qəbul olunacaq. 

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Urmu gölünün yalnız Azərbaycan və İran üçün deyil, biomüxtəliflik baxımından bəşəriyyət üçün böyük əhəmiyyət daşıdığını vurğuladı. Gölün hövzəsinin 51 faizinin Qərbi Azərbaycan, 39 faizinin isə Şərqi Azərbaycan əyalətini əhatə etdiyini deyən Ramiz Məmmədov suyun səviyyəsinin getdikcə aşağı düşdüyünü bildirdi: “Urmu gölünün quruması və duzlaqların əmələ gəlməsi prosesi 1998-ci ildən bu yana bir az daha sürətlənib. Əgər keçmiş illərdə göldə 17 ada var idisə, quruma nəticəsində bu say artıq 3 dəfə artıb. Gölün quruması və suyun duzlaşması köçəri quşların da məhvinə gətirib çıxarır”.

Skype-la tədbirə qatılan ABŞ-ın (Amerika Birləşmiş Ştatları) İllinoys Universitetinin professoru Məhəmməd Babadost da elmi araşdırmalarına və rəqəmlərə istinad edərək, Urmu gölü ətrafındakı ekoloji fəlakətin böyük miqyas aldığını söylədi. Mütəxəssis gölün fauna və florasının məhv olması ilə bağlı son məlumatları bölüşüb. Onun fikrincə, gölün quruması sahil ərazidə yaşayan milyonlarla insanın köç etməsi deməkdir. “Gölün ərazisində böyük duz dağları yaranıb və artıq külək duz fırtınaları yaradır. Bu isə 100 kilometrlərlə ərazinin səhralaşması deməkdir”. 

Ekspert hesab edir ki, gölün ətrafında quyuların qazılması dərhal dayandırılmalıdır. “Urmiyaya axan 13 təbii çayların və bulaqların axarları bərpa edilməlidir”.

Urmu gölünü Azərbaycanın şah əsəri adlandıran tarixçi alim Əkrəm Rəhimli çıxışında problemin siyasi amillərinə toxundu: “Urmu gölü ətrafındakı durum İranın daxili işi deyil. Biz haray verməliyik. Çünki, İran rejimi problemin həlli ilə məşğul olmur. Güney Azərbaycanın nadir neməti can verir. Bu möcüzəli gölü biz xilas etməliyik”. Urmu gölünün xilası üçün dünya alimlərinə müraciət edilməsi vacibliyini deyən Əkrəm Rəhimli İran prezidenti Həsən Ruhaninin seçkidən öncə verdiyi vədə rəğmən, gölün xilası ilə bağlı fəaliyyət göstərmədiyini dilə gətirdi. Əkrəm Rəhimli çıxışını “Urmu gölünün xilası Güney və Quzey Azərbaycanın, Türkiyənin xilası deməkdir” sözləriylə bitirdi. 

Professor Nəsib Nəsibli konfransda çıxış edən məruzəçilərin bölgənin çox ciddi ekoloji fəlakətlə üz-üzə qaldığı fikirlərinə şərik çıxaraq, məsələyə diqqətin artırılması vacibliyinə toxundu: “Təəssüf ki, Quzey Azərbaycanda problemin dərinliyinə hələ kifayət qədər varılmayıb. Problemlər bizi əzir, biz hələ bunun fərqində deyilik. İzahat işinin genişləndirilməsinə ehtiyac var. Azərbaycan mediası Urmu gölünün ekoloji vəziyyətinə, bunun ətraf aləmə, bölgəyə vurduğu zərərə diqqəti artırmalıdır”. 

GAMAC-ın Azərbaycan Təmsilçisi Nəbi Soytürk dünya azərbaycanlılarının Dağlıq Qarabağın işğaldan azad olunması məsələsinə önəm verdiyi kimi, Urmu gölünün ağır vəziyyətinə də diqqətini artırması gərəkliyini bildirdi. Urmu gölü ətrafındakı demoqrafik vəziyyətin getdikcə ağırlaşdığını deyən Nəbi Soytürk Güney Azərbaycan və Urmu gölü ətrafının kürdləşdirilməsinin də bölgədəki vəziyyəti təhlükəli həddə çatdırdığını xatırlatdı.

4 saatadək davam edən tədbirdə tanınmış ziyalılardan Cəmil Həsənli, Vaqif Sultanli, Namik Murad, Yəhya Caniyar, Şirməmməd Hüseynov,Firudin Cəlilov, Rafiq İsmayıl, Rəis Rəsulzadə, Paşa Qəlbinur, millət vəkili İqbal Ağazadə, Faiq Qəzənfəroğlu, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, politoloqlar Elxan Şahinoğlu, Xaləddin İbrahimov, güneyli-quzeyli bir sıra digər məşhur simalar iştirak edirdi.

Konfransın yekununda tədbir iştirakçılarından AMEA-nın Güney Azərbaycan şöbəsinin elmi işçisi Esmira Fuad, araşdırmaçı-yazar Yasəmən Qaraqoyunlu və digərləri çıxış edərək təkliflər irəli sürdülər: 

- Urmu gölü ilə bağlı beynəlxalq konfrans keçirilsin;

- Problemlə bağlı Azərbaycanla İran arasında danışıqlara başlanılsın;

- Gölün xilası ilə bağlı təkliflər paketi hazırlansın, məsələnin maliyyə tərəfi öyrənilsin. 

Konfransın sonunda Urmu gölü ilə bağlı müraciətin hazırlanmasına qərar verildi.

Seymur

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM