Valideynlərin övladlarına qarşı diqqətli olacağı bir məsələ də onlara verdiyi adlardır. Adlar həm də insanın gələcəkdə bir şəxsiyyət kimi formalaşmasında böyük rola malikdir. Amma digəl ki, bəzən valideynlər övladlarına elə qəribə, gülünc adlar qoyur ki, sonra həddi-buluğa çatanda övlad qalır həmin adın əlində və məcbur olur onu dəyişdirmək haqda fikirləşməyə.
Amma bu cür problemlərin üzə çıxmaması üçün lüğət hazırlanır və 2014-cü ildə artıq bu kitabı valideynlər əldə edə biləcəklər.
“Adam adı ilə tanınar” deyiblər… İnsanla bağlı bütün məlumatlarda ona ünvanlanan hər növ müraciətdə həmişə onun adı səslənir. Şəxsin adı onun kimliyini, mahiyyətini bir sözlə ifadə etməklə həmin adam haqqında ətrafdakılara məlumat verir. Adın əsl informasiya dəyəri də isə məhz onun sahibi yada salınanda daha aydın üzə çıxır. Amma bəzən uşaqlara həm gülməli, həm də heç bir məna daşımayan adlar qoyulur ki, bu həmin insanın gələcəkdə əməlli-başlı başina problem açır. İstər psixoloji baxımdan, istərsə də onun bir şəxsiyyət kimi formalaşmasında. Bütün bu halların qarşısının alınması üçün terminologiya komissiyası tərəfindən yeni lüğət hazırlanır. Lüğətin yaradılmasında məqsəd adlar sisteminin formalaşdırılmasıdır.
Terminologiya komissiyasının sədr müavini Sayalı Sadıqova: “Əsas məqsədimiz valideynləri maarifləndirməkdir. Bəzən valideynlər uşaqlara elə adlar verirlər ki, ad heç bir məna daşımır”.
Bəzən uşaqlara verilən adlarda son hərf dəyişdirilir. Belə olan halda dildə eyni adda bir-birindən fərqli adlar yaranır. Bu da bu günün problemlərindən biridir.
Adı çəkilən bu kitabın nəşri isə gələn ilə nəzərdə tutulub. Odur ki, ümid ediri ki, artıq gələn ildən dünyaya gələn uşaqlara verilən adlarda sadaladığımız problemlərdən əsər-əlamət qalmayacaq.
ANN.Az