Axar.az bildirir ki, ölkənin ağır iqtisadi durumu oliqarxların biznesinə də təsir edib. Belə ki, sanksiyalar tətbiq olunduğu gündən bəri milyarderlərin sayı 23 nəfər azalaraq 88-ə düşüb.
Ötən il dünyadan 1645 milyarderin yer aldığı siyahıda 111 rusiyalı milyarder olduğu halda bu il 1826 milyarderin yer aldığı siyahıya 88 rusiyalı iş adamı əlavə olunub.
Bundan başqa oliqarxların sərvəti də əhəmiyyətli dərəcədə azalıb.
"Forbes” jurnalının 2014-ci il nəticələrinə görə, Rusiyanın ən zəngin iş adamı 15,3 milyard dollar sərvəti ilə Vladimir Potanin olub. "Norilsk Nickel” ortağı və "İnterRos Holding”in prezidenti olan Potanin sərvətini bir ildə 2,8 milyard dollar artıraraq dünya milyarderləri arasında 60-cı pilləyə yüksəlib.
"Alfa Qrup”un prezidenti Mixail Fridman isə 14,6 milyard dollar sərvəti ilə ikinci pillədədir. Bir ildə sərvəti 3 milyard dollar azalan Fridman dünyanın 68-ci ən varlı insanıdır.
Bu il özbək əsilli iş adamı Alişer Usmanov üçün də yaxşı başlamayıb. O, 14,4 milyard dollar sərvəti ilə rusiyalı iş adamları arasında üçüncü sıradadır. Lakin Usmanovun sərvəti bir ildə 4,2 milyard dollar azalıb və o, hazırda dünya sıralamasında 71-ci pilləyə qədər geriləyib.
"Renova Qrupu” sahiblərindən Viktor Vekselberq 14,2 milyard dollarlıq sərvəti ilə ən zəngin dördüncü rusiyalı iş adamıdır. 2015-ci il Vekselberqin də üzünə gülməyib. Son bir neçə ayda oliqarxın sərvəti 3 milyard dollar kiçilməklə dünyada 73-cü yerdə qərarlaşıb.
"Severostal”ın baş direktoru Aleksey Mordaşov isə sərvətini artıran nadir iş adamlarındandır. Son bir ildə sərvətini 2,5 milyard dollar artıran Mordaşov 13 milyard dollarlıq mülkü ilə dünya sıralamasında 89-cu yerə sahibdir.
Rusiyanın nəhəngi "Lukoyl”un prezidenti, azərbaycanlı iş adamı Vahid Ələkbərovun da işləri yolunda getmir. Həmyerlimizin sərvəti düz 1,4 milyard dollar azalaraq 12,2 milyard dollara geriləyib.
Rusiyanın ən zəngin iş adamları siyahısında yer alan "Novatek”in ortaqlarından Leonid Mixelsonun sərvəti 3,9 milyard dollar itki ilə 11,7 milyard dollarda qərarlaşıb.
NLMK-nin sahibi Vladimir Lisinin sərvəti isə rekord həddə - 5 milyard dollar azalaraq 11,6 milyard olub. "Volqa Qrup”un sahibi Gennadi Timçenkonun sərvəti 4,6 milyard dollardan 10,7 milyarda düşüb.
"Onexim Qrup”un sahibi Mixail Proxorovun sərvəti 1 milyard dollar azalaraq 9,9 milyard dollara, "Alfa Qrup”un sahiblərindən Germen Xanın sərvəti də 1,8 milyard dollar azalaraq 9,5 milyard dollara düşüb.
Rusiyanın məşhur oliqarxlarından olan Roman Abromoviç isə sərvətini qorumağı bacarıb. O, 9,1 milyard dollarlıq mülkü ilə dünya sıralamasında 137-ci yerdə qərarlaşır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !