2021-ci ildə IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alır. Təhsil alanların əksəriyyəti universitetə sənəd vermək, həmçinin buraxılış imtahanlarına hazırlıq məqsədi ilə sınaq imtahanlarında iştirak edir. Həmin sınaq imtahanlarının ödənişini bir çox hallarda valideynlər etdiyi üçün qiymət ən çox onları narahat edir. Sevinc Əbilova da məsələdən narazı valideynlərdəndir.
"Qızım çalışqandır, yüksək nəticələr əldə edə bilir. Həmçinin, bizim imkanımız zəif olduğu üçün o hazırlığa gedə bilmir, özü hazırlaşır. Əlavə dərslərə getməsə belə, ara-sıra sınaq imtahanlarında iştirak etməlidir ki, imtahana hazırlıq prosesində hansı məqamlara diqqət etməli olduğunu bilsin. Amma qiymətlərin bahalığı səbəbindən heç bir imtahanda iştirak edə bilmir. Onlayn imtahanlara qoşulmaq üçün də bahalı internet paketləri almaq lazım olur, həm də onlayn imtahanlar hazırlıq imtahanları qədər effekt vermir”, - deyə valideyn narazılıq edir.
Sevinc Əbilovadan başqa həmsöhbət olduğumuz daha 20-dək valideyn də bu problemdən şikayətçi olduğunu bildirdi.
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən isə anews.az-ın sorğusuna cavab olaraq bildirdilər ki, hər hansı bir imtahanda iştirak etmək üçün tələb olunan ödəniş məbləğinin müəyyən edilməsi üçün DİM tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlar, onların təşkili, keçirilməsi, daşınma və mətbəə xərcləri, görülən digər hazırlıq işləri, təqdim olunan xidmətlər və s. ətraflı şəkildə araşdırılır və qiymət müəyyən edilərkən nəzərə alınır.
"Sınaq imtahanlarının keçirilməsində məqsəd iştirakçıların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır. Sınaq imtahanlarının qiymətində hər hansı bir dəyişiklik yoxdur. Bu növ sınaq imtahanları 2020-ci ilin əvvəllərində də keçirilmişdi və eyni qiymət idi. Daha sonra pandemiya şəraitinə görə kağız daşıyıcılar vasitəsilə sınaq imtahanları keçirilmədi. Bilirsiniz ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir və büdcədən maliyyələşmir. 3-cü ixtisas qrupu üzrə imtahana yazılanlardan da hər hansı əlavə ödəniş tələb olunmur. Bu qrupda 2 altqrup var. Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları TC, digər ixtisaslar isə DT altqrupunda cəmlənib. İmtahan qiyməti də təbii ki, eynidir. Sadəcə olaraq kimsə hər iki, yəni həm TC, həm də DT altqrupuna aid ixtisasları seçmək istəsə əlavə olaraq coğrafiya fənni üzrə imtahan verməlidir. Bu seçim isə tam sərbəstdir.Yalnız bu zaman əlavə coğrafiya fənni üçün 15 AZN iştirak haqqı tələb olunur. DİM tərəfindən abituriyentlər üçün əlavə bir imkan kimi otk.az portalı vasitəsilə onlayn sınaq imtahanları da keçirilir. Bu imtahanların keçirilməsinə az vəsait sərf olunur və qiymət 1, 3 və ya 5 manatdır”, - deyə cavabda qeyd olunub.
Təhsil eksperti Kamran Əsədov isə DİM-in sınaq imtahanlarının təşkili prosesində inhisarçı mövqeyə malik olduğunu və hazırlıq imtahanlarını təşkil edə biləcək alternativ təşkilatların yaradılmasının vacibliyini vurğulayır. Ekspertin fikrincə, bu bazarda rəqabət yaradacaq və valideynlərə daha ucuz qiymət təklifi almaq imkanı verəcək.
"Qəbul imtahanlarının da qiyməti artır, sınaqların da arta bilər. Çünki hər iki imtahan keçən ilki qəbul imtahanının qiymətidir. Bundan əlavə 3-cü ixtisas qrupu üzrə TC alt qurupunda imtahan vermək istəyənlər əlavə 15 manat ödəməlidir. Beləliklə, 3-cü ixtisas qrupunun abituriyenti bir sınaq imtahanında iştirak etmək üçün 55 manat vəsaiti DİM-ə ödəməlidir. Sınaq imtahanlarının qiyməti 4 il ərzində 20 dəfəyə yaxın bahalaşıb.Belə ki, 2016-cı ilə qədər sınaq imtahanı 2 manat, 2018-ci ildə 20 manat, 2020-ci ildə 40 manat oldu. Səbəb? heç bir haılda, nə qədər resurs cəlb etməyindən asılı olmayaraq sınaq imtahanının qiyməti 10-15 manatdan, qəbul imtahanın qiyməti 20 manatdan çox ola bilməz. Düzdür, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir, amma bu qurumun adının əvvəlində DÖVLƏT sözü var. Cənablar, insanların o imkanı yoxdur. Vallah, insanlar DİM-in xidmət haqlarının baha olduğunu deyirlər, ona görə də uşaqlarını imtahana göndərmirlər. Kimin imkanı varsa, o oxumalıdır? Ölkədə rəsmi imtahan keçirən bir qurum olduğu üçün hal – hazırda bazara həm qiymətlər ilə bağlı, həmdə imtahan nəticələri ilə bağlı diktə edən yeganə qurumun olması yaxşı deyil. Mütləq alternativ bir qurum da imtahan keçirməlidir. Hal-hazırda abituriyent üçün tələb edilən 55 manat reallığı əks etdirmir. DİM-in keçirdiyi müxtəlif təyinatlı imtahanlarda yüz minlərlə insan iştirak edir və qurum kifayət qədər gəlir əldə edir”, - deyə Əsədov bildirdi.
Ekspert vurğuladı ki, DİM-in avadanlıqları TQDK-dan qalıb, test bank bazası TQDK-nın dövründən mövcuddur, deməli, 55 manatlıq xərc yoxdur.
"Bundan başqa, qəbul imtahanından fərqli olaraq sınaq imtahanında mühafizə və digər xidmətlərdən istifadə edilmir. İmtahan mərkəzlərinin müəyyənləşdirilməsindən tutmuş imtahan rəhbərləri və zal nəzarətçilərinin imtahanlara hazırlığı, test bankının zənginləşdirilməsi, proqram təminatının hazırlanmasınadək və digər istiqamətlərdə geniş hazırlıq işlərinin xərci 55 manat deyil. Hazırkı sınaq imtahanının büdcəsi bütün abituriyentlər üçün əlçatan deyil. Bu da çox sayda şagirdi öz bilik və bacarıqlarını yoxlamaq imkanından məhrum edəcək”, - deyə Əsədov əlavə etdi.
Cari ildə abituriyentlər sınaq imtahanı üçün 40 manat, bakalavrlar isə 50 manat ödəməlidir.
İSTİQAMƏT:6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;
QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Ləman Qasımova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !