Cəsədi Türkiyə sahillərində düşüb qalmış 3 yaşlı Alan Kurdinin və Avropanın sərhəd və qatar stansiyalarına yığılmış Suriya qaçqınlarının fotoları müharibədən qaçanlar üçün daha çox iş görülməsinə hiddətli çağırışlar dalğası yaradıb.
Qəzəbin böyük bir hissəsi də qapılarını qaçqınların üzünə bərk-bərk bağlamış Körfəz Əməkdaşlığı Şurasına daxil ərəb dövlətlərinə (Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Qətər, Oman və Birləşmiş Ərəb Əmirlikləri) qarşı yönəlib.
Bu tənqidlərlə əlaqədar yadda saxlamaq mühümdür ki, Körfəz ölkələrinin Suriya qaçqınlarına arxa durmadığını və onlar üçün heç nə etmədiyini də demək olmaz.
Ayrı-ayrı şəxslərin səxavəti bəzən doğrudan da nəzərəçarpacaq olub.
Fərdi xeyriyyə fondları qaçqınlar üçün yüz minlərlə dollarlıq yardım toplayıblar. Milli sənayelərin (məsələn, "Qatar Petroleum") işçilərindən hər ay maaşlarından müəyyən hissəsinin Suriya qaçqınlarının nəfinə tutulmasına razı olub-olmadıqları soruşulunda çoxları etiraz etməyiblər.
Körfəz ölkələri xeyriyyə təşkilatları və fərdi ianələr vasitəsilə qaçqınlara ümumilikdə 900 milyon dollar ayırıblar.
Lakin Suriya müharibəsi uzandıqca düşərgələrdə yaşayan qaçqınlar üçün ehtiyatların təşkili çətinləşib.
Müharibədən və düşərgələrdə yaşamaqdan yorulan suriyalıların, sosial və ya maliyyə vəziyyətlərinin yaxşılaşacağına ümidlərini itirməsi nəticəsində daha təminatlı və firavan həyata can atan kütləvi əhali axını yaratması dünyanı başqa həll yolları axtarmağa məcbur edib.
Qısası düşərgələrdə yaşayanlar üçün ərzaq və sığınacaqların təchiz edilməsi problemin dünənki həlli sayılmağa başlayıb. İndi əsas problem yüz minlərlə insanın yaşaması üçün haradasa yer tapılmasıdır və məhz bu məqamda Körfəz ölkələri döyükməyə başlayıb.
Körfəz ölkələri bir qədər suriyalını, əsasən də miqrant əməkçi kimi ərazilərinə buraxsalar da (məsələn, Səudiyyə bildirir ki, 2011-ci ildən bəri öz ərazisinə 500 min nəfəri buraxıb), bu ölkələrdə kütlə halında gələn və iş icazəsi olmayan qaçqınların qəbulu üçün rəsmi bir siyasət yoxdur.
Bunu başa düşmək üçün Körfəz ölkələrinin öz sərhədləri daxilində siyasi sabitliklərindən narahatlığına, həmçinin vətəndaş kimliyi və Körfəz vətəndaşı olmaq anlayışı kimi geniş məsələyə daha dərindən nəzər yetirməliyik.
2012-ci ildən başlayaraq, Bəşər Əsədlə müharibə daha çox Körfəzin sünni ərəb ölkələrinin maraqları ilə İrana bağlı müttəfiqlərin arasındakı rəqabətə çevrilib. Körfəz ölkələrini getdikcə belə bir qorxu daha dərindən bürüyür ki, Əsədə sadiq adamlar onların ərazisinə soxulub intiqam üçün fürsət gözləyə bilərlər.
Körfəz ölkələrinə səfər etmək istəyən suriyalıların yoxlanması prosesi uzanır, iş icazəsi almaq və mövcud icazələrin müddətini uzatmaq nəzərə çarpacaq dərəcədə çətinləşir.
Körfəz ölkələrində son üç ildə terror şübhəliləri özəklərinin ifşa edilməsi barədə şayiələr dolaşsa da Əsəd rejimi tərəfdarlarının hər hansı qəsdi barədə açıq məlumatlar olmayıb.
Bundan əlavə minlərlə suriyalının axını Körfəz dövlətlərinin normal funksiyalarını yerinə yetirməsi üçün saxladıqları kövrək demoqrafik balansa təhlükə yaradır.
Məsələn, Birləşmiş Ərəb Əmirlikləri və ya Qətərdə vətəndaşlar bu ölkələrdə yaşayan əhalinin yalnız 10 faizini təşkil edirlər. Əhalinin əksəriyyəti burada tranzit iqtisadi əməkçilər kimi fəaliyyət göstərir.
Əcnəbilərə onların özlərinin və ya həyat yoldaşlarının daimi iş yeri olduqda yaşamaq hüququ verilir. Körfəz ölkələrində daimi işi olmadan həmişəlik yaşamaq imkanı yoxdur. Kontraktları başa çatan kimi əksər əcnəbilər vətənlərinə qayıtmalıdırlar.
Körfəz ölkələri bu sayaq yaşayır. Aşağı və yüksək ixtisaslı əməkçilərin daimi dövriyyəsi Körfəz ölkələrinin doğma əhalisinin dominant statusunun qorunub saxlanmasını və başqa ölkələrdən gəlmiş ərəblərin və ya Cənubi Asiyadan olan əməkçilərin arasında itib-batmamasını təmin edir.
Beləliklə, minlərlə əcnəbinin iş icazəsi və ya bəlli qayıdış günü olmadan gəlişi Körfəz ölkələri üçün dərindən xoşagəlməz hal sayılır.
1948-ci il fələstinli axını da daxil Körfəz ölkələrinin kimliyi və sosial düzəni üçün Suriya qaçqınlarının yaratdığı böhran qədər demoqrafik baxımdan təhlükəli ikinci presedent olmayıb. Buna görə də Suriya qaçqın böhranının yaratdığı suallara bu ölkələrdən heç bir reaksiya yoxdur.
Bu nüfuzedici demoqrafik təhlükə hədəsi şəraitində ictimai, ələlxüsus da Qərbdən göstərilən diplomatik təzyiqlərin necə dəf ediləcəyini təsəvvür etmək çətindir.
Körfəz ölkələrində hakim ailələrin bu məsələdəki mövqeyinin dəyişdirilıməsi üçün çox az açıq müzakirə yer alır.
Bundan əlavə Körfəz elitalarının fikrincə, Qərb əgər başdan Əsədə və onun rejiminə qarşı tədbirlər görsəydi, bütün bunlar baş verməyə də bilərdi. Buna görə də Qərb diplomatlarının çağırışları yəqin ki, qulaqardına vurulacaq.
Virtualaz.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !