Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Naxçıvanın blokadada yaşadığını və düşmən dövlətlə sərhəddə yerləşdiyini bildirən Ali Məclis sədri, bütün bunlara baxmayaraq, muxtar respublikada sosial-iqtisadi inkişafın davamlı xarakter aldığını qeyd edib. O bildirib ki, bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsi istiqamətində də mühüm işlər görülür, əlahiddə ümumqoşun ordusunun hərbi hissə və birləşmələrinin döyüş qabiliyyəti gücləndirilir, Heydər Əliyev adına Hərbi Liseydə ordu üçün ixtisaslı kadrlar hazırlanır.
V. Talıbov Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Naxçıvan görüşünün faydalı olacağına əminliyini bildirib, təşkilatçılara təşəkkür edib. Görüşdə iştirak edən Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov hər üç ölkə arasında siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb, Naxçıvan görüşünün hərbi sahədə əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini ifadə edib. Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri İsmət Yılmaz qədim tarixə malik Naxçıvan şəhərində olmaqdan məmnunluğunu ifadə edib, göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. İ. Yılmaz Türkiyə və Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin qurulmasında beynəlxalq Moskva və Qars müqavilələrinin əhəmiyyətini vurğulayıb, son illər həyata keçirilən qarşılıqlı rəsmi səfərlərin siyasi, iqtisadi, təhsil və digər sahələrdə münasibətlərin inkişafına töhfə verdiyini söyləyib. İ. Yılmaz ölkəsinin dost və qardaş Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini diqqətə çatdırıb, hərbi əməkdaşlıq sahəsində qarşılıqlı səylərin göstərildiyini qeyd edib.Gürcüstanın müdafiə naziri İrakli Alasaniya bəyan edib ki, müdafiə nazirlərinin Naxçıvanda keçirilən görüşü hər üç ölkə arasındakı əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, bu gün Gürcüstan, Azərbaycan və Türkiyə arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlərin davam etdirilməsində və regionda sülhə nail olunmasında hərbi sahədə əməkdaşlığın mühüm rolu var.Söhbət zamanı hər üç ölkə arasındakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Azərbaycandakı hərbi attaşesi Hasan Nevzat Taşdeler, Naxçıvandakı baş konsulu Əli Rza Akıncı, Gürcüstan səfirinin müavini İrakli Svanidze, Azərbaycandakı hərbi attaşesi Şalva Turaşvili görüşdə iştirak ediblər.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !