Vasif Talıbov dekabrın 5-də Nurlana Sabir qızı Əliyevanın "Naxçıvan” Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Məsələ burasındadır ki, "Naxçıvan” Universiteti özəl təhsil müəssisədir. Bu barədə universitetin veb-səhifəsində də qeyd var. "Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır”, - deyə Naxçıvan Universiteti haqqındakı bölümdə qeyd edilib. Bəs o zaman Vasif Talıbov özəl universitetə Naxçıvan Ali Məclisinin sədri olaraq necə rektor təyin edib?
Universitet dövlət müəssisəsi olsaydı belə, Ali Məclis sədri ora rektor təyin edə bilməzdi. Çünki Azərbaycan qanunvericliyinə görə dövlət ali təhsil müəssisələrinə rəhbər təyinatı Azərbaycan Prezidentinin səlahiyyətinə aid məsələdir.
Hüquqşünas Ələsgər Məmmədli məsələni Yenisabah.az-a şərh edərkən bildirib ki, Vasif Talıbovun Ali Məclis sədri kimi özəl universitetə rektor təyin etməsi səlahiyyət həddini aşmasıdır. "Ola bilsin həmin universitetin təsisçisidir. Amma bu halda da təsisçi kimi təyin etməli idi”, - deyə hüquqşünas vurğulayıb.
Qeyd edək ki, bəzi məlumatsız şəxslər Universitetin V. Talıbova məxsus olduğunu düşünür və hesab edirlər ki, o bu təyinatı təsisçi kimi verə bilər. Bildirək ki, həmin ali məktəbin təsisçisi başqa bir şəxs - İsmayıl İsrafil oğlu Əliyevdir. Talıbov isə bu sərəncəmı Ali Məclisin sədri kimi imzalayıb. Həmin sərəncamın fotosunu da təqdim edirik:(Yenisabah.az)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !