Dövlət Sosial Müdafiə Fondunun elektron hesabat xidməti sahibkarların işini xeyli asanlaşdırıb
“Hesabatların elektron qəbulu başlayandan bəri işim xeyli asanlaşıb. Əvvəlki kağız-hesabat sistemi ilə müqayisədə elektron hesabat daha sərfəlidir”. Bunları İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin baş mühasibi Elton Zəkəryəyev Dövlət Sosial Müdafiə Fondu tərəfindən göstərilən elektron hesabat xidməti haqda danışarkən bildirdi. Baş mühasibin sözlərinə görə, daha vaxt itkisi yoxdur: “Hesabat vermək üçün harasa getmirəm, işdə, evdə, harda olsa oturub elektron qaydada hesabatları göndərirəm”. E.Zəkəryəyev qeyd etdi ki, bu prosesi reallaşdıran zaman heç bir problemlə üzləşməyib: “Təzə xidmətdir, normal qaydada göstərilir. Əsas odur ki, iş yerimizdən ayrılmadan hesabatımızı veririk”.
“Parolun qəbul olunmadığı, itdiyi məqamlar da olur. DSMF-nin qaynar xəttinin – “190”-nın xidmətindən isə xüsusi narazılığım var”. Bunu isə müstəqil araşdırmaçı jurnalist Dünya Camalova dedi. Onun sözlərinə görə, bir neçə il əvvəl qeydiyyat ünvanını Tovuz rayonundan Bakı şəhəri Xəzər rayonuna dəyişib, müvafiq sənədləşməni də həyata keçirib: “Amma indi fiziki şəxs-sahibkar kimi hesabat vermək üçün öz şəxsi səhifəmə daxil ola bilmirəm. Parolu yazıb giriş düyməsini basanda xəbərdarlıq gəlir ki, bütün sahələrin doldurulduğuna əmin olun. Dəfələrlə məlumatları daxil edib parolu yazıram yenə səhifəmə girə bilmirəm. Ötən rübün hesabatını vermək üçün DSMF-nin Xəzər rayon şöbəsinə yaxınlaşdım, bildirdilər ki, kağız hesabat götürə bilməzlər, mütləq elektron verilməlidir. “190”-a müraciət etmək istədim, günlərlə zəng etdim, ya məşğul göstərdi, ya da çağırdı götürən olmadı. Sonda məcbur olub elektron qaydada Fondun baş ofisinə müraciət etdim. Qanunla tələb olunan vaxt bitənədək yəqin ki, cavab alaram. Amma qeyd edim ki, bunları o qədər də ciddi problem hesab etmirəm, yeni başlayan sistem üçün demək olar ki, xarakterik hallardır”. Yeri gəlmişkən, bir müddət öncə fonda yaranmış sosial-sığorta haqqını ödəmək üçün Azərbaycan Beynəlxalq Bankına yaxınlaşdıqda bu yazının müəllifi olaraq mənim özümə də “kodunuz yanlışdı” deyə bildirilmişdi. DSMF-yə ünvanladığım elektron müraciətə bir neçə gün ərzində cavab verildi və düzgün kod göndərildi. Yəni, fondun xidmətləri hətta bu cür xırda texniki problemləri də heç yerə getmədən, elektron qaydada həll etmək qədər asanlaşıb.
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən vətəndaşların müraciətlərinə elektron qaydada baxılması üç istiqamət üzrə-Fondun saytında yerləşdirilmiş sual-cavab bölməsi, vətəndaşlar tərəfindən Fondun saytında birbaşa ünvanlanan məktub və 190 nömrəli “Çağrı Mərkəzi” vasitəsi ilə həyata keçirilir. Fondun saytında olan sual-cavab bölməsi əmək pensiyaları, məcburi dövlət sosial sığorta haqları və məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər, hərbi qulluqçulara dair pensiya və müavinət, fərdi uçot və digər mövzuları əhatə etməklə vətəndaşlar tərəfindən ünvanlanmış elektron müraciətləri cavablandırır. Qurumdan verilən məlumata görə, 1 yanvar 2014-cü il tarixindən 1 aprel 2014-cü il tarixinədək saytın sual-cavab bölməsinə 424 sual daxil olub.
Hərdən kompyuterinizə də “əl gəzdirin”
“XXI-ci Əsr” mağazalar şəbəkəsinin baş mühasibi Gülbəniz Ruşanova bizimlə söhbətində bildirdi ki, elektron hesabat xidməti vergi sistemində də təzə yaradılanda xırda-para problemlər olurdu: “Yavaş-yavaş vəziyyət düzəldi, yeni versiyalar təqdim etdilər, təkmilləşdi. Ola bilsin ki, sizin dediyiniz və mənim rast gəldiyim problemlər də yeniliklə əlaqədardır. Mən öz təcrübəmdə bəzi kompyuterlərə hesabat proqramlarının yüklənməməsinə rast gəlmişəm. Bu da fikrimcə, göstərilən xidmətin deyil, kompyuterin problemi olub. Məsələn, mənim bir kompyuterimdə müvafiq proqramı yüklədikdən sonra ikinci hesabatı vermək problem olur. Xüsusilə fiziki şəxslərin hesabatı verilən zaman avtomatik hesablama bölməsində problem yaranır. Fiziki şəxsin kateqoriyasını yazırsan və görürsən ki, hesablama hissəsi donur. Proqramı yenidən endirib prosesi təkrarladıqda düzəlir. Bu da qeyd etdiyim kimi, yüklənən proqramdan iki dəfə ard-arda hesabat verəndə baş verir. Digər kompyuterimdə belə hal olmur. Odur ki, istifadəçiləri daha diqqətli olmağa, rastlaşdıqları hər problemi göstərilən xidmətin ayağına yazmamağa çağırıram”. Gülbəniz xanım deyir ki, hesabatların elektron qaydaya keçməsi mühasib kimi onun işini olduqca asanlaşdırıb: “Bizim üçün çox böyük rahatlıq yaranıb. Daha hansısa rayonların DSMF şöbələrinə getmirik. Bizi ən çox məmnun edən xidmətlərdən biri də “Sığortaolunanın onlayn uçota alınması”dır. Bu xidmət vasitəsilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini də elektron qaydada həyata keçirmək mümkündür. Elektron qaydada müraciət etməklə sığortaolunanlar üçün sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsini həyata keçiririk. Bu da bizim işimizi çox yüngülləşdirib”.
Qeyd edək ki, DSMF-dən verilən məlumata görə, 2014-cü ilin yanvar ayından aprel ayının 1-dək onlayn şəkildə təqdim olunmuş elektron müraciət əsasında 13 mindən çox fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilib.
Ölkə əhalisinin 40 faizini əhatə edən sistem
Nəzərə alsaq ki, Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40 faizdən çoxunu əhatə edir, o zaman elektron xidmətlərin əhəmiyyətini anlamaq və xırda-para problemlərin mövcudluğunu adi qarşılamaq olar. DSMF-nin mərkəzi məlumat bazasında 1 281 712 nəfər pensiyaçı və 2 milyon 750 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Göründüyü kimi, adıçəkilən qurumun xidmətləri kifayət qədər böyük elektoratı əhatə edir. Bu göstəricini nəzərə alaraq Fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 21-ə çatdırılıb və “elektron hökumət” portalının statistikasına əsasən Fondun yerinə yetirdiyi elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdəndir. Onlardan biri də elektron hesabat xidmətidir. Elektron hesabat xidmətindən istifadə qaydaları və xüsusi proqram təminatı DSMF-nin www.sspf.gov.az; www.e-sspf.gov.az saytında yerləşdirilib. “Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu” adlı proqramda sığortaedənlərə təklif olunan elektron xidmətlər, onlardan istifadə qaydaları öz əksini tapıb. Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış “Yardım masaları”nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanı qazanırlar.
Ümumilikdə götürdükdə isə hər bir dövlət orqanında olduğu kimi, Dövlət Sosial Müdafiə Fondunun da gündəlik işini informasiya texnologiyalarının tətbiqi olmadan təsəvvür etmək mümkün deyil. 2003-2013-cü illər ərzində bu əsasda Dövlət Sosial Müdafiə Fondunun maddi-texniki bazası tamamilə yenidən qurulub. Fondun 74 yerli şöbəsində yeni ofis binaları tikilib və əsaslı təmir edilib, “incə müştəri” sistemli 2600 kompyuteri əlaqələndirən yerli lokal şəbəkələr yaradılıb. Bütün orqanlarda müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil olunub, lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək Fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb. Mərkəzi məlumat bazasında ölkə əhalisinin 40 faizinə qədər, yəni 1 270 min nəfər pensiyaçı və fərdi hesab açılmış 2 581 min nəfər sığortaolunan barədə elektron məlumatlar toplanıb.
“190” operativ informasiya almağa şərait yaradır
“190-Çağrı Xidməti” ilə bağlı şikayətlərə cavab olaraq DSMF-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, məlumat xidməti tərəfindən telefon vasitəsi ilə məcburi dövlət sosial sığortası, pensiya məsələləri, fərdi uçotun təşkili və elektron xidmətlərə aid sualların və müraciətlərin operativ şəkildə cavablandırılması həyata keçirilir: “Sığortaolunanlar, pensiyaçılar, eləcə də hər bir vətəndaş pensiya sistemi ilə bağlı onu maraqlandıran istənilən məsələyə “190”nömrəli telefona müraciət etməklə cavab tapa bilər. Bu xidmət vətəndaşların Fondun orqanlarına gəlmədən operativ informasiya almalarına şərait yaradır. Xidmət ödənişsizdir və ayrı-ayrı xidmət rejimləri olmaqla fasiləsiz fəaliyyət göstərir, vətəndaşlar respublikanın hər bir regionundan, habelə mobil telefonlardan “190” telefon məlumat xidmətinə müraciət etməklə sığorta-pensiya sistemi ilə bağlı sual doğuran istənilən məsələyə cavab tapa bilərlər. Telefon məlumat xidməti canlı və avtomatik rejimdə olmaqla fasiləsiz fəaliyyət göstərir”. Şöbədən o da bildirildi ki, 2014-cü ilin I rübü ərzində “190” nömrəli telefon məlumat xidmətinə 77482 zəng daxil olub.
420 xidmətdən 300-ü elektrondur
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirdi ki, dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin sayı durmadan artır: “44 dövlət orqanı tərəfindən elektron göstərilməli olan xidmətlərin sayı artıb. 420 xidmətin 280-300-ə qədəri elektrona keçirilib. Yəni zaman-zaman dövlət orqanları tərəfindən elektron formaya keçirilən xidmətlərin sayı artır. Bunların arasında təbii ki, Dövlət Sosial Müdafiə Fondu da var. Fond tez-tez yeni elektron xidmətlər təqdim edir. Eləcə də digər bir sıra qurumlar. Əlbəttə, bu, vətəndaşlar üçün sərfəlidir. Amma indi ciddi problem göstərilən elektron xidmətlərdən vətəndaşların aktiv istifadəsinin müşahidə edilməməsidir. Bizim araşdırmalarımız göstərir ki, bunun obyektiv və subyektiv səbəbləri var. Əsas səbəb vətəndaşların bu xidmətlərdən məlumatsız olmalarıdır. Digər bir səbəb insanların əksəriyyətinin informasiya texnologiyaları barədə müəyyən problemləri olduğundan bu xidmətlərdən istifadədə çəkinmələridir. Üçüncü bir səbəb xidmətin əldə olunmasında keyfiyyətin olmamasıdır. Yəni giririk dövlət orqanının saytına, o xidməti sonadək ala bilmirik. Bu, bilərəkdən, yaxud bilməyərəkdən həmin xidmətin keyfiyyətsiz təqdim olunmasından irəli gəlir. Ən əsas səbəb isə odur ki, vətəndaşlar bəzən özlərinə lazım olan xidməti siyahıda tapa bilmir. Əksər dövlət qurumları ictimai əhəmiyyətli, kütləvi xidmətləri saytlarında yerləşdirmirlər. Təbii ki, DSMF-nin elektron hesabat xidməti bura aid deyil. O xidmət artıq elektronlaşıb və onunla bağlı fondun saytında kifayət qədər məlumat verilib”. O.Gündüzün sözlərinə görə, Sosial İnnovasiyalar və Vətəndaşlara Xidmət Dövlət Agentliyi, Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura və “Mültimedia” Mərkəzi birlikdə kütləvi sosial əhəmiyyətli xidmətlərin siyahısını hazırlayıb “ASAN Xidmət”ə verib: “Məlum oldu ki, hökumət tərəfindən elektron xidmətə keçirilməsi tapşırılan xidmətlərin siyahısında bizim tapdığımız kütləvi xidmətlərin çoxu yoxdur. Ona görə biz 83 xidmətin siyahısını verdik ki, bunlar dərhal dövlət qurumları tərəfindən elektron formaya keçirilib sayta qoyulmalıdır. Bildiyim qədər bu istiqamətdə işlər aparılır”.
Həbibə ABDULLA
ANN.Az
Yazı Dövlət Sosial Müdafiə Fondunun “Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” mövzusunda elan etdiyi müsabiqəyə təqdim olunur.