Rüstəm Qasımov
Əgər siz vəhşi təbiəti sevirsinizsə, London heyvanxanası gediləsi ən ideal yerdir. Bu böyük heyvanxana, çoxlu sayda turisti öz fauna və florası ilə özünə çəkir. Bu gün biz sizinlə həmin heyvanxanaya baş çəkəcəyik.
London heyvanxanasına ən rahat gediş London metrosudur. Bundan sonra Ridjents-parka doğru getmək lazımdır. Bu metrodan çıxdıqdan sonra siz belə bir lövhə görəcəksiniz. Bu lövhə sizin hara getməli olduğunuzu göstərəcək.
Amma mürəkkəb gedişli yolda getmək istədiyim yolu tapmaq üçün gəlib-keçənlərdən soruşmalı oldum. Bizim xalq öz qonaqpərvərliyi ilə öyünür. Bununla mübahisə etmirəm. Amma İngiltərədə mən kiminlə qarşılaşdım, onların hamısı mənə istər yolu göstərməkdə, istərsə də müəyyən məlumatı almaqda kömək etdi. Yalnız britaniyalılar yox, turistlər də adama kömək edir. Bir londonluya yaxınlaşdım və kömək istədim, o yeri dəqiqi bilməsə də, internetdən istifadə edərək mənə lazım olan məlumatı tapdı. Məhz buna görə Dumanlı Albiona təşəkkür edirəm. Bu mənim əhvalımı yüksəltdi, çünki yolda təkcə sənə bizim insanlar yox, londonlular və turistlər də kömək edir.
Bir neçə dayanacaq getdikdən sonra bir lövhə qarşıma çıxdı və mən o lövhəyə baxaraq istədiyim yerə getdim.
Ayaqla on dəqiqə getdikdən sonra heyvanxanaya çatdım. Heyvanxananın qarşısında çoxlu sayda insan var idi və uzun bir növbə yaranmışdı.
İstənilən halda mənim bəxtim gətirmişdi. Hələ dayanacaqda olanda turistlərə xidmət edən avtobuslardan birinin nümayəndəsi mənə dedi ki, onlardan bilet almağım daha sərfəlidir, çünki heyvanxananın qarşısında çoxlu növbə olacaq. Məlum oldu ki, online formada alınan bilet, qalereyaların, muzeylərin və s. yerlərin bilet-satış məntəqələrindən almaqdan daha asandır. Amma ən əsası bu sizə uzun növbələrdə qalmamağa kömək edir. Qeyd edim ki, böyüklər üçün biletin qiyməti 35 manatdan baha başa gəlir. Baha qiymətə olmasına baxmayaraq, heyvanxananı ziyarət etmək istəyənlərin sayı çox idi. Amma tələbələr, əmək məhdudiyyəti olan şəxlər və uşaqlar üçün biletlərlə bağlı xüsusi endirimlər var idi.
Qeyd edim ki, London heyvanxanası Ridjents-parkın yuxarı hissəsində yerləşdiyindən yaşlıllıq içərisində itib-batır.
Beləliklə, kartı aldıqdan sonra mən Londonun heyvanxanasına maraqlı səfərimi başladım.
Bir az getdikdən sonra mən yaşıl sahə gördüm. Orada çoxlu sayda insan duraraq tamaşanın başlamasını gözləyirdi. Heyvanxananın iki işçisini gördükdən sonra nə olacağını təxmin etməyə başladım. Məlum oldu ki, gün ərzində London heyvanxanasında heyvanlara birgə şoy göstərilir. Bu dəfə, vəhşi quşların şoy göstərmə zamanı idi.
Ümumiyyətlə, London heyvanxanası təkcə park deyil, istirahət etmək üçün gözəl kompleksdir. Bura gələn insanlar səhərdən axşama qədər vaxtlarını burada keçirdir, çünki burada insanın əyləncəli vaxt keçirtməsi üçün hər şey var. Uşaqlar üçün çoxsaylı attraksionlar və karusellər var. Heyvanxananın ərazisində bir neçə kafe fəaliyyət göstərir. Bundan başqa, burada suvenir mağazası da var. Buranı çoxsaylı insan ziyarət etsə də heç zaman sıxlıq yaşanmır. Hər kəs öz növbəsini gözləyir və irəli atılmır. Parkda uşaqları ilə ziyarətə gəlmiş çoxlu ailələr görmək olar. Amma onlar özlərin çox mədəni aparır, nə qışqırır, nə də heyvanara nəsə atırlar. Hər şey mədəni və sivildir. Parkda çoxlu oturacaqlar quraşdırılıb, amma insanlar otlar üzərində də uzanırlar.
Bununla da bizim london heyvanxanasına olan səfər başa çatdı. Amma londonda səfərimiz başa çatmayıb, necə deyərlər səfər davam edir...
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !