"Müstəqil ekspertiza idarəsi ölkəmizdə yoxdur. Çünki bizim həkimlər ya birbaşa, ya da dolayı yolla Səhiyyə Nazirliyindən asılıdırlar”
Mərhum jurnalist, ANN.TV-nin əməkdaşı Rasim Əliyevin ölümü ilə əlaqədar Səhiyyə Nazirliyinin nəzdində yaradılmış xüsusi komissiyanın rəyinə görə, bu ölüm faktında həkimlərin heç bir günahı olmayıb və ölümün səbəbi güclü zərbələr nəticəsində yaranmış daxili qanaxmalar olub. Amma bu rəylə nə ailə üzvləri, nə zərəçəkənlərin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev, nə də ictimai fəallar razılaşırlar. Ortaya belə bir məsələ çıxır ki, mərhum Rasim Əliyevin dəqiq ölüm səbəbini müəyyən etmək üçün müstəqil tibb ekspertlərindən ibarət komissiya yaradıla bilərmi?
Bu sualı cavanlandıran vəkil Əsabəli Mustafayev ANN.Az-a açıqlamasında deyib ki, Rasim Əliyevin ölümü ilə bağlı hazırda sadəcə ayrı-ayrı ekspertlərin, tibbi mütəxəssislərin rəylərini almaq mümkündür: "Hazırda haqqında danışılan o tibbi rəy bizim əlimizdə deyil. Həmin sənəd bizə təqdim olunandan sonra müstəqil rəyləri almaq mümkün ola bilər. Amma bu müstəqil rəylərin nə qədər adekvat olacağını indidən demək mümkün deyil. Çünki bizim həkimlər ya bir başa, ya da dolayı yolla Səhiyyə Nazirliyindən asılı olurlar”.
Bununla belə vəkil Rasim Əliyevin ölüm səbəbi ilə bağlı xarici mütəxəssislərə, ekspertiza idarələrinə müraciət etməyi planlaşdırdığını bildirib: "Amma məsələnin digər tərəfi də ondan ibarətdir ki, sonradan müstəqil xaric ekspertlərin verdiyi bu rəy ölkəmizdə nə qədər hüquqi qüvvəyə malik olacaqr? Bu barədə nəsə demək çox çətindir.Hazırda ekspertiza rəyi əlimizdə olmadığı üçün atacağımız addımları da müəyyən edə bilmirik”.
Əsabəli Mustafayev istənilən halda xəstəxanaya çatdırılan məhrum jurnalistə vaxtında və lazımi tibbi yardımın göstərilmədiyi qənaətində olduğunu deyib: "Əgər həkimlər mərhuma vaxtında tibbi yardım göstərsəydilər, ölüm hal baş verməzdi. Sadəcə həkimlər səhlənkarlıq edərək öz vəzifə borclarını yerinə yetirməyiblər. Ekspertizanın rəyini öyrənmədən belə biz bu qənaətdəydik. Çünki faktiki hallardan da belə görünür”.
Vəkil həmin vaxt mərhumun anasına Rasim Əliyevin vəziyyətinin yaxşı olduğunun söylənilməsini, heç bir narahatçılığa əsas olmamasının deyilməsini misal çəkib: "Mərhumun anası bildirir ki, Rasim xəstəxanaya çatdırılandan 1-2 saat sonra palataya köçürülüb. Əvvəl o, qəbul şöbəsində öz geyimində saxlanılıb. Ona adi ağrıkəsici dərmanlar vurulub, tam şəkildə müayinə olunmayıb.
Əsabəli Mustafayevin sözlərinə görə, mərhumun valideynlərinin ən çox istədikləri həkimlərin öz layiqli cəzasını almasıdır: "Çünki həkimlər çox kobud səhvlərə yol veriblər. Çünki daxili qanaxmanı yoxlamaq üçün müəyyən aparat var. Bu aparatdan keçmək üçün həkim təyinatı lazım idi. Bunu etməmək həkimlərin ən böyük günahıdır. Hazırda biz bu kimi faktlar toplayıb həkimlərin ölüm faktında günahlarının mövcud olmasını sübut etməyə çalışacayıq”.
O, istintaq qrupu qarşısında qaldırdığı son vəsatətlər haqqında da danışıb və bunların əsası hissəsinin həkimlərlə bağlı olduğunu qeyd edib: "Mərhumun anası həmin vaxt xəstəxanada olub. Amma həkimlərin mətbuata açıqlaması ilə valideynlərin gördükləri arasında ciddi ziddiyyətlər var. Biz vəsatət qaldırmışıq ki, valideynlər yenidən dindirilsin və müvafiq istintaq tədbirləri görülsün”.
Ə.Mustafayev həkimlərin yenidən dindirilməsinə dair vəsatət qaldırdığını da deyib: "Hətta ehtiyac olarsa, valideynlərlə həkimlər üzləşdirilsinlər”.
Vəkilin sözlərinə görə, sonuncu vəsatət Rasim Əliyevi USM-dən keçirən həkiminin tibbi təhsilinin olmaması haqqındadır: "Bizim bu vəsatət mətbuatda dərc olunan məlumatlar əsasındadır. Biz isitntaqdan bu faktın doğru olub-olmamasını dəqiqləşdirməyi tələb edirik”.
Xatırladaq ki, avqustun 8-də Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Dövlət başçısının xüsusi nəzarətində olan və böyük ictimai rezonans doğurmuş bu ağır cinayətin qısa müddətdə açılması təmin edilib, onu törətməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək istintaqa cəlb olunublar. İlkin araşdırmalarla müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuş Cavid Hüseynov avqustun 6-da "Qəbələ” futbol klubunun heyətində Kipr Respublikasının "Apollon” futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi "facebook” səhifəsində tənqidi fikirlər yazmış Ann.tv-nin videoreportyoru Rasim Əliyevə zəng vuraraq ondan təkzib verməyi tələb edib.
Bundan sonra C.Hüseynovun bibisi oğlu, 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da R.Əliyevə zəng vuraraq təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində "Bayıl market" mağazasının qarşısında onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıblar. R.Əliyevin təcili-tibbi yardım maşını vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və avqustun 9-da saat 05 radələrində orada vəfat edib. İstintaq zamanı R.Əliyevə məxsus "iPhone-5” markalı mobil telefonun cinayətin iştirakçısı Arif Əliyev tərəfindən sındırılıb yaşadığı Bakıxanov qəsəbəsində yerləşən "Arzu” şadlıq sarayının yaxınlığındakı zibilliyə atılması müəyyən olunub və maddi sübut kimi götürülərək cinayət işinə əlavə edilib. Digər maddi sübutların da tapılması istiqamətində tədbirlər görülür. E.İsmayılov, S.Mustafayev, C.Məmmədov, K.Mədətov və A.Əliyev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayətin C.Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.
Orxan Aslanlı
Bizi sosial şəbəkələrdə izləyin !