Milli Məclisin bu gün keçirilən iclasında 2020-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi davam etdirilir.
Oxu.Az-ın məlumatına görə, iclasda çıxış edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqaməti və mahiyyəti barədə danışıb.
Yeniliklər, əsasən, ədalətli rəqabətin şərti olan bərabər və şəffaf mühitin təmin edilməsini nəzərdə tutur.
Z.Səmədzadə bildirib ki, dəyişikliklər haqsız rəqabətin aradan qaldırılmasına önəmli töhfə verəcək.
Deputat qeyd edib ki, dəyişiklik layihəsi Azərbaycanın iqtisadi inkişafı üçün fundamental məqsəd daşıyır.
"Dəyişikliklər şəffaf fiskal mühitin, rəqabət mühitinin təmin edilməsi, əmtəəsiz əməliyyatlar, vergidən yayınmaların qarşısının alınması ilə bağlı kompleks tədbirləri əhatə edir. Hələ də əmtəəsiz əməliyyatlar həyata keçirilir. Bu isə iqtisadiyyatda şəffaflığın təmin edilməsinə maneə yaradır”, - deyə Z.Səmədzadə əlavə edib.
Dəyişikliklər riskli vergi ödəyicilərinə nəzarətin, ƏDV inzibatçılığının təkmilləşdirilməsini, sahibkarların inzibatçılıq yükünün azaldılmasını da özündə ehtiva edir.
Sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi də dəyişikliklərdə öz əksini tapıb.
Həmçinin, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha dörd il müddətinə uzadılması, habelə heyvan ətinin satışının dörd il ərzində ƏDV-dən azad edilməsi ilə bağlı müddəalardır.
Dəyişikliyin məqsədi ölkənin davamlı iqtisadi inkişafı, şəffaflığın artırılması, sahibkarlığın inkişafını təmin etmək, eyni zamanda, vergi ödənişində uçot-qeydiyyat sisteminin sadələşdirilməsinə şərait yaradılmasıdır.
Dövlət orqanları ilə elektron məlumat mübadiləsinin genişləndirilməsi ölkədə iqtisadi səmərənin daha da artırılmasında və sui-istifadə hallarının azaldılmasında faydalı olacaq. Ölkədə sərbəst biznes mühitinin təkmilləşdirilməsi hər zaman diqqət mərkəzindədir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !