Vətəndaşlar MİDA-dan narazıdırlar

18:39 | 31.07.2023
Vətəndaşlar MİDA-dan narazıdırlar

Vətəndaşlar MİDA-dan narazıdırlar

Mənzil İnşaatı Dövlət Agentliyi Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi və Gəncə Yaşayış Kompleksində yerləşən ümumilikdə 1189 güzəştli mənzilin sahiblərini müəyyənləşdirib. 
 
Mənzil sahibi olmaq üçün müraciət edən vətəndaşların bir çoxu seçimlərin obyektiv olmamasından narazılıq edirlər.
 
Asif Ağayev adlı Facebook istifadəçisi yazır.
 
"İlk mənzil 27-ci saniyədə tutulub, ancaq mən dəqiq deyirəm ki, 27 saniyədən çox tez girmişdim və mənzillər çıxdıqda heç bir mənzili seçmək mümkün olmadı və yenilənmə oldu. Bir daha girdikdə isə mənzil qalmamışdı. CAPTCHA-nı doldurmadan da növbəti mərhələyə keçid etmək mümkün idi. Bunun mümkün olduğunu Mənzil İnşaatı Dövlət Agentliyi kimlərə demişdi?”.
 
İbad Məmmədov adlı istifadəçi yazır:
 
Mənzillərin siyahısı açılsa da heç bir mənzili secmək olmurdu. Siyahıda mənzillər secim butonu kimi yox sadəcə mətn kimi verilmişdi. Mənzillərin üzərinə kliklədikdə mətn kimi yazıları işarələyirdi ancaq. Mənzil İnşaatı Dövlət Agentliyi buna bir aydınlıq gətirin”.
 
Ümid Xəzəroviçadlı istifadəçi yazır:
 
"Mən daxil, tanıdığım 6 nəfərdə eyni problem yaşandı. Sistem error verdi, mənzil seçiminə gəldikdə isə mənzillər görünməsinə rəğmən üstünə klikləmək alınmadı. Hətta xəritə üzrə mərtəbədə dəfələrlə boş mənzil görünsə də, içinə girdikdə görünmədi. İnsanların əlində xeyli sayda videofaktlar var. Açıq müdaxilə var idi. Sanki mənzillər rezerv olunmuşdu, seçmək alınmadı. Sistem error verəndə isə ən başa qaytarırdı".
 
İT üzrə mütəxəssis Elvin Abbasovun sözlərinə görə, sistem hər kəsə eyni qaydada ədalətlə yanaşmayıb. 
 
"Bu aksiya mənim tam diqqət mərkəzimdə idi və ofisimizdə sürətli fiber-optik internet olduğu üçün bir çox yoldaş bizim ofisdən qoşulmağa cəhd edirdi. Canlı müşahidə etiyim heç kəs mənzil udmadı, səbəblər isə müxtəlif idi. MİDA çox çalışdı ki, hər kəsin maraqları bərabər qorunsun. Bu dəfəki, seçimdə əvvəlki problemlərlə rastlaşmadıq. Əvvəllər daha çox elektron imza ilə giriş və kiberhücumlarla bağlı problemlərlə  rastlaşırdıq. Sistem hər kəsə eyni qaydada ədalətli olmalı idi. Təəssüf ki, sistemdə heç bir kənar müdaxilə olmadan, elektron imza çökmədən və başqa təsirlər olmadan xeyli sayda texniki problemlər var idi. Bu problemlər də bütün iştirakçılara eyni ədalətli yanaşma imkanı vermədi. Burda əsas məqam odur ki, orada qazananlar öz özlüyündə haqlıdırlar. Çünki onların istifadə etdiyi avadanlıqlarda o problemlər yaşanmadı. Əgər, sistemdə o problemlər olmasaydı bəlkə də digər vətəndaşlar qazananlara nisbətən daha sürətli və şanslı idi. Odur ki, MİDA qismən uğurlu, qismən isə uğursuz sayıldı. Hər bir halda daxili sistem çox böyük problemlərlə iştirakçıların hər birinə eyni yanaşma, ədalətli rəqabətçilik mühitini yaratmadı. Bu da təbii ki, insanların narazılığına səbəb oldu. Texniki xətalar baş verə biləcək bir haldır. Bu hal Google, Facebook kimi böyük şəbəkələrdə də baş verə bilir. Amma bu, ildə bir dəfə keçirilən layihədir. Ona görə də buna güclü hazırlaşmaq lazımdır”, - Abbasov bildirib.
 
İT üzrə mühəndis-ekspert, tədqiqatçı Bəhruz Əliyev isə bildirir ki, bu məqamlarda bəzi fürsətçi İT mütəxəssisləri vəziyyətdən maddi maraq üçün istifadə edirlər.
 
"Daha öncəki seçimlərdə baş verən hadisələr hamıya bəllidir. Amazon, Aliexpress, E-bay kimi saatlıq endirim kompaniyası keçirən və yüz minlərlə istifadəçisi olan bu və digər platformalarda donmalar olmadığı halda bu gün özü də bir neçə min iştirakçı ilə donmaların olması çox absurddur.  Logların canlı yox bir neçə gün sonra təqdim olunması da etibarlılığı pozan məqamdır. Halbuki monitoring mərkəzini canlı yayında göstərmək və real vaxt rejimində logların təqdim edilməsi şübhələri bir qədər aradan qaldıra bilərdi. Düşünürəm ki, İT texnologiyaların imkanları arxasında gizlənərək, şübhəli işlərin görülmə riski daha böyükdür. Nəzarətin hansı səviyyədə və kimlər tərərfindən olmasına baxmayaraq, MİDA-nın şübhələrdən qurtulacağı inandırıcı görsənmir. Fikrimcə, MİDA-ya kifayət qədər uğursuzluq qazandıran və adını hörmətdən salan, elektron mənzil seçimi sistemində israrla davam etməyi bir kənara buraxmalıdır. "Lotareya” və ya "Puşk atmaq” dediyimiz üsul ilə, yeni və şəffaf bir elektron sistem qurulmalıdır. Hər anın və gedişin canlı, göz qabağında olan bir sistem olmalıdır. Təbii ki, MİDA öz imicini qurtarmaqda maraqlıdırsa və hər dəfə necəsə vəziyyətdən çıxmaq yolu seçmirsə bunu etməlidir”, - Əliyev bildirib.
 
Satışa çıxarılan mənzillər barədə ümumi məlumat

Satışa Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 436, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 510, Gəncə Yaşayış Kompleksi üzrə 243 olmaqla, ümumilikdə 1189 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin:

Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə - 07.12.2018-ci il tarixli 26436, 15.02.2019-cu il tarixli 26721, 22.02.2019-cu il tarixli 26767;

Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə - 30.09.2020-ci il tarixli 30175, 20.10.2020-ci il tarixli 30325, 02.11.2020-ci il tarixli 30383;

Gəncə Yaşayış Kompleksi üzrə - 17.12.2019-cu il tarixli 28607, 02.03.2020-ci il tarixli 29004, 31.03.2020-ci il tarixli 29122, 13.05.2020-ci il tarixli 29272 nömrəli müsbət rəyləri mövcuddur.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair "hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilib.
 
Eltac Nurullazadə
 
 
 
 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM