Vəzifəli şəxslər nə qədər maaş alır? - MƏBLƏĞLƏR

13:37 | 27.08.2015
Vəzifəli şəxslər nə qədər maaş alır? - MƏBLƏĞLƏR

Vəzifəli şəxslər nə qədər maaş alır? - MƏBLƏĞLƏR

Transparency.az ali vəzifəli şəxslərin, deputatların, hakimlərin və dövlət orqanlarının rəhbər işçilərinin maaşı haqqında arayışı təqdim edir.

Seçki Məcəlləsinin 209-cu maddəsinə (Prezidentin öz vəzifəsinə başlaması) görə, and içdiyi gündən Azərbaycan Respublikasının prezidenti 15000 manat məbləğində aylıq vəzifə maaşı alır.

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci maddəsinə (Deputatın maddi təminatı) görə, Milli Məclisin sədrinin aylıq əməkhaqqı 2250 manatdır.

Milli Məclis sədrinin birinci müavininə sədrin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavininə — 85 faizi, Milli Məclisin komitə və komissiya sədrinə — 80 faizi, Milli Məclisin komissiya sədrinin müavininə — 75 faizi, Milli Məclisin deputatına isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq əməkhaqqı verilir.

"Məhkəmələr və hakimlər haqqında” qanunun 106-cı maddəsində (Hakimlərin maddi təminatı) hakimlərin vəzifə maaşları belə müəyyən edilib:

- Ali Məhkəmənin sədrinə 2070 manat həcmində;

- Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində;

- ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində;

- digər məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində;

- bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində;

- Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində;

- bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir.

Dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları isə prezident sərəncamı ilə bu məbləğlərdə müəyyən edilib:

- baş nazir — 2230 manat

- baş nazirin birinci müavini — 1960 manat

- baş nazirin müavini — 1870 manat

- nazir, dövlət komitəsinin sədri, Dövlət Sosial Müdafiə Fondunun sədri, Dövlət Sərhəd Xidmətinin rəisi, Dövlət Neft Fondunun icraçı direktoru — 1750 manat

- mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbəri — 1450 manat

- nazirin, dövlət komitəsi sədrinin, Dövlət Sosial Müdafiə Fondu sədrinin, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — 1250 manat

- nazirin, dövlət komitəsi sədrinin, Dövlət Sosial Müdafiə Fondu sədrinin, Dövlət Sərhəd Xidməti rəisinin, Dövlət Neft Fondunun İcraçı direktorunun müavini, mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbərinin birinci müavini — 1160 manat

- mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan, icra hakimiyyəti orqanının rəhbərinin müavini — 1050 manat.

Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları isə belədir:

-  Bakı şəhəri — 1750 manat

- Gəncə və Sumqayıt şəhərləri — 1160 manat

şəhər, rayon və şəhər rayonu üzrə:

- əhalisinin sayı 100 min nəfərdən çox olduqda — 950 manat

- əhalisinin sayı 50-100 min nəfər olduqda — 900 manat

- əhalisinin sayı 50 min nəfərədək olduqda — 800 manat.

Transparency.az qeyd edir ki, "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” konstitusiya qanununun 2-ci maddəsinə (Keçmiş prezidentin pensiyası) əsasən, keçmiş prezident Azərbaycan Respublikasının fəaliyyətdə olan prezidentinin aylıq vəzifə maaşının 50 faizi məbləğində aylıq pensiya alır.

Milli Məclisin deputatının, hakimlərin və dövlət orqanlarının rəhbər işçilərinin pensiya təminatı isə "Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq həyata keçirilir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM