Virtual oyun həvəsi: mədəniyyəti üstələyən sosial bəla ya gəlir gətirən peşə?

13:34 | 03.07.2019
Virtual oyun həvəsi: mədəniyyəti üstələyən sosial bəla ya gəlir gətirən peşə?

Virtual oyun həvəsi: mədəniyyəti üstələyən sosial bəla ya gəlir gətirən peşə?

Rəqəmsal texnologiyalar günümüzü, demək olar, zəbt edib. Gənclər hər hansı bir teatr tamaşasına getməkdənsə, daha çox "pleysteyşn” salonlarında zaman sərf etməyi, kompüter və smartfonlarda oyun oynamağı seçirlər. Oyun asılılığı müasir dövrün ən ciddi probleminə çevrilib. Gənclər imkan düşən kimi ya oyun oynayır, ya da bayağı musiqi dinləyirlər. Klassik musiqi də dəbdə deyil.

Anews.az problemi araşdırıb.

İncəsənət xadimi, aktrisa, pianoçu Zəhra Bədəlbəylinin fikrincə, ölkəmizdə mədəni tədbirlər heç də az keçirilmir: "Hətta ağır dövrlərdə belə insanlarımız mədəniyyəti qoruyub-saxlamağa cəhd edib. İndi isə günü-gündən artan tədbirlərə gənclərdə də maraq artır.
Amma bununla yanaşı rəqəmsal cihazlardan ayrılmayanlar da var. Fikrimcə, bu məsələyə həm orta məktəb, həm də televiziya vasitəsilə təsir etmək olar.
Əgər cihazları uşaqların əlindən götürmək çətindirsə, onda həmin cihazların vasitəsilə maraqlı və faydalı informasiyanı ötürmək lazımdır. Məhz bu cür ideyaların reallaşmasına çalışmalıyıq”.

Aktrisa bildirib ki, mədəniyyətə maraq məktəbdə və ailədə yaranmalıdır: "Bu işdə televiziya və radionun çox böyük rolu var. Əslində, mədəni olmağı dəbə salmaq lazımdır. Mənim "Mədəni Ol" layihəm məhz bunun üçün düşünülüb. Biz indi bu vəziyyətə təsir etməsək, oyundan asılı gələcək nəsil mədəniyyət anlayışını heç bilməyəcək. Layihəmin adı kobud səslənə bilər, amma insanları fikirləşməyə vadar etməliyik, çünki mədəniyyət cəmiyyətin əsas təməlidir”.

 
Sosioloq Əhməd Qəşəmoğlu virtual oyunlardan asılılığı sosial bəla adlandırıb:
 "Virtual oyunlardan asılılığın yaranması çox qorxunc bir haldır. Buna sosial bəla deməyimiz çox doğru olar. Bu asılılıq insanlara hər tərəfdən zərbə vurur. Hər bir insanın inkişafında ən mühüm olan onun fiziki sağlamlığı, mənəvi zənginliyi və əməyə yaradıcı münasibət tələbatının artmasıdır. Bunlar olduqda insanın, cəmiyyətin həyatı ahəngdar, normal olur.

Bəs virtual oyunlardan asılılıq nə edir? Həmin gənclər bəzən səhər saatlarına kimi bu oyunların aludəçisi olurlar. Bu zaman ilk olaraq fiziki sağlamlığa böyük zərbə dəyir, insan öz fiziki sağlamlığını itirir, yeniyetmələrin, gənclərin əsəbi pozulur.
Həyatın əsas şərtlərindən biri mənəvi zənginlikdirsə, həmin virtual proseslərə başı qarışan insanlar öz dərslərini unudur, ancaq oyunla məşğul olurlar. Onların içində əxlaqa zidd, kriminal aləmə aid, xoşagəlməz məlumat az deyil. İnsan bu virtual asılılıq hesabına mənəviyyata, əxlaqa zidd olan mühitə düşür və o mühitdə formalaşır. Onlar mənəvi cəhətdən böyük zərbə alırlar.

Virtual oyundan asılı olan adam həm də öz karyerasını qura bilmir. Həmin vaxtda bu adamlar yaxşı tələbə, idmançı, işçi ola bilərdi. Bu da daha bir zərbədir.
Üçüncü vacib məsələ isə hər bir insanda əməyə yaradıcılıq tələbatının olmasıdır. Virtual asılılıq olan adamda isə öz əməyinə yaradıcılıq tələbatı olmur. İşinə qarşı səhlənkar münasibət yaranır. Yəni insan artıq diqqətini əməyə yönəldə bilmir. 
Virtual asılılıq bu 3 şərtin hər birinə zərbə vurur. Bunlar insanı məhv edir. Bilmək lazımdır ki, kompüter, sosial şəbəkələr vacib vasitələrdir. Amma onları öz təyinatına görə istifadə edəndə gözəldir. Virtual asılılıq zamanı isə bunlar qorxuludur.
Dəfələrlə demişəm ki, internet bir ilan zəhəri kimidir. Düzgün istifadə edəndə çox qiymətli dərman, artıq olanda zərərvericidir. Ona görə biz çalışmalıyıq ki, hər yerdə bu məsələlərlə bağlı maarifləndirmə işləri aparılsın və əhalidə internetdən istifadə etmə mədəniyyəti formalaşsın. Təəssüf ki, bu gün o mədəniyyət yoxdur. Bu mədəniyyətin olmaması ümumi mədəniyyətimizə və yeni nəslin keyfiyyətinə böyük zərbədir”.

 
Virtual oyun həvəskarı Kamran Əhmədli bildirib ki, oyun oynamaq onu digər işlərindən ayırmır:
"Virtual oyunlarla 4 və ya 5 yaşımdan məşğul oluram. Məktəbdə oxuyan zaman bu oyunlara gündə 7 saata yaxın vaxtım gedirdi. İndi isə 1-2 saat məşğul oluram. Oyun oynamaq məni heç bir halda başqa işlərdən ayırmır. Hər bir işimi planlı olaraq vaxtında edirəm.
Bu, mənim üçün hobbidir. Oyun oynamağa heç vaxt bir iş, peşə kimi yanaşmamışam. Təbii ki, bu işə ciddi yanaşanlar da var. "Geymer”lər bütün dünyada fəaliyyət göstərir. Məncə, onları bir ölkə ilə limitləmək olmaz. Çünki "pro-geymer”lər çempionatları fərqli-fərqli ölkələrdə keçirir, daim bir ölkədə yaşamırlar. Ona görə də "geymer”in hansı ölkədə daha yaxşı gəlir əldə edə bilmək məsələsi aktual deyil”.

Virtual oyunları asılılıq hesab etməyən geymer vacib işi olduğu zaman oyun oynamağa ehtiyac duymadığını söyləyib: "Mənə görə oyun asılılıq deyil. Çünki istəmədiyim və ya hansısa daha vacib işim olduğu zaman oyun oynamağa ehtiyac duymuram. Sadəcə boş vaxtlarımda virtual oyunlardan istifadə edirəm. Məncə, dostlarla hər hansı çayxanada, kafedə oturmaqdansa, bir yerdə kompüter oyunu oynamaq daha maraqlı vaxt keçirməkdir”.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb