Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşü İstanbulda keçiriləcək

Rusiya və ABŞ nümayəndə heyətləri aprelin 10-da İstanbulda iki ölkənin diplomatik nümayəndəliklərinin işini müzakirə edəcək.Bu barədə məlumatı Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus brifinqdə açıqlayıb.
"Aprelin 10-da ABŞ və Rusiya nümayəndə heyətləri ikitərəfli missiyalarımızın işinin daha da sabitləşdirilməsində irəliləyişə nail olmaq üçün İstanbulda ikinci dəfə görüşəcəklər. İclasın gündəliyində heç bir siyasi və ya təhlükəsizlik məsələsi yoxdur və Ukrayna tamamilə gündəmdə deyil. Bu danışıqlar ümumilikdə ikitərəfli münasibətlərin normallaşmasına yox, yalnız bizim səfirliklərimizin işinə həsr olunub. Artıq qeyd etdiyimiz kimi, ikitərəfli münasibətlərin normallaşması yalnız Rusiya və Ukrayna arasında sülh bərqərar olduqdan sonra baş verə bilər",- Bryus qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyindən TASS-a verilən məlumata görə, İstanbulda keçiriləcək məsləhətləşmələrin ikinci raundunda Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, Amerika nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək.
Son xəbərlər
Daha çox 