Argentina İranın ali liderinin həbsini tələb edir

Argentina Prokurorluğu 1994-cü ildə Buenos-Ayresdə baş verən terror aktı ilə bağlı İranın ali rəhbəri ayətullah Əli Xameneinin həbsinə dair milli və beynəlxalq orderlərin verilməsi üçün məhkəməyə müraciət edib. Bu barədə The Jerusalem Post məlumat yayıb.
Prokuror Sebastyan Basso federal hakim Daniel Rafekasa müraciət edərək Xameneinin hücumla mümkün əlaqəsini araşdırmaq üçün həbs orderlərinin verilməsini istəyib. Hadisə zamanı 85 nəfər həlak olub, 200-dən çox insan yaralanıb. Bu terror aktı Argentina tarixində ən dəhşətlisi hesab olunur.
Nəşr qeyd edir ki, bu addım Buenos-Ayres və Tehran arasında diplomatik münasibətləri daha da gərginləşdirə bilər.
2024-cü ilin aprelində Argentina İranın daxili işlər naziri Əhməd Vahidiyə qarşı da beynəlxalq həbs orderi çıxarmış və onun da hadisəyə mümkün əlaqəsini araşdırmağa başlamışdı.
N.Təbrizli