İranda partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb – Yenilənib

İranın cənubundakı Bəndər-Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb.Bu barədə aprelin 27-də ostan məhkəmə sisteminin rəhbəri Müctəba Kahremani məlumat yayıb.
“Faciəli hadisə 25 nəfərin həyatına son qoyub”, – o, bildirib.
İranın daxili işlər naziri İskəndər Momeni qeyd edib ki, limanda yanğın 80 % lokallaşdırılıb.
***
İranın cənubundakı Bəndər Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində ölənlərin və yaralıların sayı artıb.Bu barədə “Mehr” agentliyi xəbər verir.
Hadisə nəticəsində 18 nəfər ölüb, 800-dən artıq şəxs xəsarət alıb.
Partlayışın dalğası çox güclü olduğundan limandakı əksər binalara, eləcə də avtomobillərə ciddi ziyan dəyib. Artıq şəhərdə zərərçəkənlərin sayı çox olduğuna görə transfuziya mərkəzi təcili qan toplanmasını elan edib.
22:37
İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 8-ə çatıb, 750-dən çox insan yaralanıb.Bunu İranın daxili işlər naziri İskəndər Momeni bildirib.
Əyalət təhlükəsizlik qüvvələrinin komandiri Əli Əkbər Cavidanın sözlərinə görə, partlayış nəticəsində 6 nəfər itkin düşüb.
"Tasnim" partlayışın yanacaq çənindəki alov nəticəsində baş verdiyini iddia edir.
Yerli KİV-in məlumatına görə, partlayış o qədər güclü olub ki, Fars körfəzindəki Bəndər Abbas limanından azı 20 km aralıda yerləşən Keşm adasında eşidilib.
Ölkədə fövqəladə vəziyyət elan edilib.
15:21
İranın Şəhid Rəcai limanında baş verən partlayışda xəsarət alanların sayı 406 nəfərə çatıb.Bu barədə İranın yerli hakimiyyət orqanları məlumat yayıblar.
14:00
İranın cənubunda yerləşən Bəndər Abbas şəhərindəki dəniz limanı ərazisində baş verən partlayış nəticəsində bir neçə əməkdaş xəsarət alıb.Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirlib ki, partlayış yanacaq saxlama çəninin partlaması nəticəsində baş verib.Partlayış dalğası ofis binasını dağıdıb və limandakı avtomobillərə ziyan vurub. Limanın bir neçə əməkdaşı xəsarət alıb.
Məlumata görə, İran rəsmiləri hələ ki hadisəni şərh etməyiblər.
13:18
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında əsas ofisdə partlayış olub.Bu barədə Hörmüzqanın Böhranı İdarəetmə İdarəsindən bildirilib.
Partlayışın səbəbi hələ ki məlum deyil,dağıntılar barədə informasiya yoxdur.