Rusiya 640 min əsgərlə müharibəni uzatmaq istəyir – Ukraynadan sərt ittiham

Rusiya Ukraynaya qarşı müharibədə 640 minə qədər hərbi qulluqçudan ibarət kontingentdən istifadə edir və döyüş əməliyyatlarını dayandırmaq niyyətində deyil. Bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Oleksandr Sırski bildirib.
“Hazırda cəbhə xəttinin təxminən 1100 kilometrlik hissəsində aktiv döyüşlər davam edir. Diplomatik çağırışlara baxmayaraq, Rusiya hələ də əvvəlki məqsədlərindən imtina etməyib və müharibəni tükətmə xarakterli mərhələyə keçirib”, – Sırski NATO–Ukrayna Hərbi Şurasının baş komandanlar səviyyəsində keçirilən iclasında videobağlantı zamanı deyib. Bu barədə Ukrainska Pravda xəbər verir.
O qeyd edib ki, Ukrayna ordusu müdafiə əməliyyatlarını səmərəli şəkildə davam etdirir və düşmən ciddi itkilər verir.
Sırski, həmçinin Ukrayna hərbçilərinin tərəfdaş ölkələrdə fərdi və kollektiv hazırlığı, eləcə də Ukrayna müdafiə qüvvələrinin silahlanma, texnika və logistika sahəsində ehtiyaclarını vurğulayıb.
N.Təbrizli