İsrail Qəzzaya humanitar yardımın çatdırılmasını bərpa edib

İsrail Qəzza zolağına humanitar yardımın mövcud kanallar vasitəsilə dərhal bərpa olunmasına qərar verib, bu barədə Axios jurnalisti Barak Ravid yüksək rütbəli İsrail rəsmilərinə istinadla məlumat verib.
Baş nazir Benyamin Netanyahunun ofisi bəyan edib ki, aclıq təhlükəsinin qarşısını almaq üçün əraziyə “əsas ərzaq həcmi” buraxılacaq.
“İsrail Müdafiə Ordusunun tövsiyəsi və HƏMAS-a qarşı hərbi əməliyyatların genişləndirilməsi ehtiyacı nəzərə alınaraq, Qəzzada aclıq böhranının qarşısını almaq məqsədilə əhaliyə minimum ərzaq təmin ediləcək,” — rəsmi məlumatda bildirilir.
Martda İsrail Qəzzaya humanitar yardım tədarükünü dayandırıb.
Bazar günü İsrail ordusu Qəzzanın şimal və cənubunda genişmiqyaslı quru əməliyyatının başladığını elan edib. Bu əməliyyat “Gideonun Arabaları” adlı kampaniyanın bir hissəsidir.
N.Təbrizli