Çin biotexnologiyada ABŞ-ı qabaqlayır

Çin biotexnologiya və biofarmasevtika sahəsində ABŞ-ı geridə qoyur. Bu barədə ABŞ Konqresi tərəfindən yaradılan Müstəqil Biotexnologiyanın İnkişafı Komissiyasının keçən ay açıqladığı hesabatda bildirilib.
Qanunvericilər, alimlər və milli təhlükəsizlik üzrə ekspertlərdən ibarət komissiya ABŞ-ın strateji geriləmə riski ilə üzləşdiyini bildirir və biotexnologiyaya təcili investisiyaların artırılmasının vacibliyini vurğulayır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2024-cü ildə Çində 7,100-dən çox, ABŞ-da isə təxminən 6,000 klinik sınaq qeydə alınıb.
Pekin və Şanxay laboratoriya və tədqiqat mərkəzlərinin sayına görə dünya liderləridir, üçüncü yerdə isə Boston qərarlaşıb.
Çində patentlərin sayı son on ildə 3,8 dəfə artıb.
Stifel investisiya bankının proqnozuna görə, bu il böyük əczaçılıq şirkətlərinin əldə edəcəyi molekulların 37%-i Çindən gələcək.
Ekspertlər bildirirlər ki, Donald Tramp administrasiyasının universitet tədqiqatlarına maliyyə ixtisarları və beynəlxalq tələbələrə, tədqiqatçılara vizalarla bağlı məhdudiyyətlər ABŞ-ın rəqabət qabiliyyətinə ciddi təsir edib.
Analitiklər xəbərdarlıq edirlər ki, istedad axınının məhdudlaşdırılması və tədqiqatlara investisiyaların azaldılması ABŞ biotexnologiya sənayesinə uzunmüddətli zərbə vura bilər.
N.Təbrizli