Ukrayna dronları hücuma keçib

Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiya tərəfindən işğal olunan Xerson vilayətinə qanadlı pilotsuz uçuş aparatları ilə kütləvi hücum edib. Bu barədə bölgənin Rusiya tərəfindən təyin edilən “qubernatoru” Vladimir Saldo məlumat verib.
“Hazırda Xerson vilayətinə qanadlı döyüş PUA-ları ilə kütləvi hücum davam edir. Artıq bir neçə dron vurulub,” — o, Telegram kanalında yazıb.
Saldo əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri fəaliyyətini davam etdirir.
Eyni zamanda, Zaporojye vilayətinin Melitopol şəhərində partlayış səslərinin eşidildiyi bildirilir.
İlkin məlumatlara görə, burada da hava hücumundan müdafiə sistemləri işləyir.
“Melitopolda partlayış səsləri eşidilir. Təfərrüatlar dəqiqləşdirilir. İlkin məlumata görə, hava hücumundan müdafiə sistemləri işləyir. Şəhərin bəzi rayonlarında elektrik enerjisinin verilişi dayandırılıb,” — şəhərin təyin olunan administrasiyasının məlumatında deyilir.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin zərbələri nəticəsində Zaporojye vilayətində yüksək gərginlikli avadanlıqların zədələndiyi və bölgənin tamamilə işıqsız qaldığı bildirilir.
“USQ-nin atəşi nəticəsində Zaporojyenin şimal-qərb hissəsində yüksək gərginlikli avadanlıqlar zədələnib. Bölgənin bütün ərazisində elektrik enerjisi yoxdur,” — bölgənin Rusiya tərəfindən təyin edilən “qubernatoru” Yevgeni Balitski Telegram kanalında yazıb.
Bundan əlavə, Xerson vilayətinin “qubernatorunun mətbuat katibi” Vladimir Vasilenko bildirib ki, bölgənin bir neçə bələdiyyə dairəsi Ukrayna dronlarının kütləvi hücumu nəticəsində qismən işıqsız qalıb.
N.Təbrizli
Son xəbərlər
Daha çox 