Almaniya kansleri Mers Vaşinqtonda Tramp ilə görüşəcək

Almaniya kansleri Fridrix Mers iyunun 5-nə keçən gecə ilk rəsmi səfəri çərçivəsində Vaşinqtona gəlib. Bu barədə Deutsche Welle məlumat yayıb.
Yerli vaxtla günorta saatlarında (Bakı vaxtı ilə 19:30) Mers və ABŞ prezidenti Donald Tramp Ağ Evdə ilk görüşlərini keçirəcəklər. Birgə nahar və Oval kabinetdə mətbuat üçün çıxışlar planlaşdırılıb.
Görüşün əsas mövzuları Ukraynadakı müharibənin dayandırılması üçün səylər, NATO-nun xarici təhdidlərə reaksiyası və ABŞ ilə Avropa İttifaqı arasında gömrük mübahisələri olacaq. Mers Vaşinqtona «yalvaran» kimi deyil, Avropa mövqeyini inamla müdafiə etmək məqsədilə gəldiyini bildirib.
Mers əvvəllər Tramp ilə yalnız bir dəfə qısa görüş keçirib. Dörd həftə əvvəl vəzifəyə başladıqdan sonra isə bir neçə dəfə telefonla birbaşa və Avropa liderləri ilə birlikdə Trampla Ukrayna mövzusunda danışıb.
Kansler ABŞ paytaxtında təxminən 17 saat qalacaq. İyun ayında Mers və Tramp Kanadada keçiriləcək G7 sammitində və Niderlandda baş tutacaq NATO sammitində daha iki dəfə görüşəcəklər.
Bild nəşrinin məlumatına görə, əgər Tramp və ya vitse-prezident Cey Di Vens kanslerə Almaniyanın sağçı “Almaniya üçün Alternativ” partiyasına münasibəti barədə suallar versələr, danışıqların gedişi gözlənilməz ola bilər.
Mers prezident qonaqları üçün nəzərdə tutulmuş məşhur Blair House rezidensiyasında yerləşib. Bura «dünyanın ən dəbdəbəli oteli» kimi tanınır və burada əvvəllər şahzadə Diana, Jaklin Kennedi, Kraliça II Yelizaveta, Uinston Çörçill, Nelson Mandela, Şarl de Qoll və Angela Merkel qalıb.
N.Təbrizli
Son xəbərlər
Daha çox 