İsrail Qəzzadan iki girovun cəsədini geri qaytarıb

İsrail Müdafiə Qüvvələri və Dövlət Təhlükəsizlik Xidməti Qəzza zolağında keçirdikləri əməliyyat zamanı 2023-cü il oktyabrın 7-də girov götürülən iki nəfərin cəsədini geri gətirib. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun bəyanatında deyilir.
Cəsədlərdən birinin Yair Yaakov olduğu, digəri isə hələlik açıqlanmayan bir girova məxsus olduğu bildirilib.
“Biz bütün girovlarımızı – həm sağ, həm də həlak olanları – evə qaytarmadan dayanmayacağıq,” – Netanyahu bildirib.
İsrail Ordusunun məlumatına görə, cəsədlər Qəzzanın cənubundakı Xan Yunis şəhərində aşkarlanıb. Bildirilib ki, əməliyyat girovların azad olunması üzrə xüsusi qrup, hərbi kəşfiyyat və təhlükəsizlik xidməti “Şabak”ın təqdim etdiyi dəqiq məlumatlar əsasında mümkün olub.
Rəsmi məlumatlara görə, hazırda Qəzzada 53 girov qalır, onlardan 20-si sağ hesab olunur.
N.Təbrizli