ABŞ Çinə çip istehsalat avadanlıqlarının təchizatını qadağan edə bilər

ABŞ hakimiyyəti böyük yarımkeçirici istehsalçılarına xəbərdarlıq edib ki, Çin fabriklərinə ABŞ istehsalı olan avadanlıqların tədarükü üçün verilmiş icazələrin ləğvi nəzərdən keçirilir.Bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosunun rəhbəri Ceffri Kessler sözügedən istehsalçılara – o cümlədən "Samsung Electronics", "SK Hynix" və "TSMC" şirkətlərinə – lisenziyaların ləğv edilə biləcəyini bildirib.
Hazırda bu şirkətlər Çin fabriklərinə ABŞ avadanlığını əlavə icazə almadan tədarük edə bilirlər. Lakin Vaşinqton bu imtiyazların dayandırılmasını nəzərdən keçirir.
WSJ yazır ki, əgər bu planlar həyata keçirilərsə, bu, həm diplomatik, həm də iqtisadi gərginliklərə yol aça bilər.Çin tərəfi bu addımı Londonda keçirilmiş danışıqlarda əldə edilmiş razılaşmaların pozulması kimi qiymətləndirə bilər.