Həyat yoldaşını dərisinin rənginə görə yandıran kişiyə ölüm cəzası verilib

Hindistan məhkəməsi həyat yoldaşını tünd dərisinə görə ələ salıb diri-diri yandıran kişini ölüm cəzasına məhkum edib. Bu barədə BBC xəbər verib.
Zərərçəkmiş Lakşmi ölümündən əvvəl bildirib ki, əri Kişandas daim onun dərisinin rənginə görə təhqir edirdi.
2016-cı ildə, evləndikləri ildən qısa müddət sonra, o, qadının üzərinə maye töküb və ətirli çubuqla yandırıb. Lakşmi xəstəxanada dünyasını dəyişib.
Udaypur məhkəməsinin hakimi Rahul Çoudhary cinayəti «insanlığa qarşı cinayət» və «ən nadir hallardan biri» adlandırıb.
Prokuror Dineş Paliwal qərarı «tarixi» adlandıraraq ümid edib ki, bu, cəmiyyət üçün dərs olacaq.
Bu iş Hindistanda dərinin açıq rənginə üstünlük verilməsi problemini yenidən gündəmə gətirib.
Qadınlar daha tünd dəriyə görə tez-tez ayrı-seçkiliklə üzləşirlər, dərini ağardıcı məhsullar isə milyardlarla dollar gəlir gətirir.
N.Təbrizli