Tramp Avropa liderləri ilə gərgin danışıqdan sonra Putinlə fotosunu paylaşıb

ABŞ prezidenti Donald Tramp Avropa liderləri ilə sanksiyalar və Rusiya nefti barədə çətin telefon danışığından bir neçə saat sonra sosial şəbəkəsi Truth Social-da Rusiya prezidenti Vladimir Putinlə birgə çəkilmiş fotolarını yayıb. Bu barədə “Bild” yazıb.
Şəkillər avqustun 15-də Alyaskadakı Elmendorf-Richardson hərbi bazasında keçirilən sammitdə çəkilib.
Onlardan birində Tramp və Putin ABŞ Hərbi Hava Qüvvələrinin qırıcılarının uçuşunu izləyir, digərində isə dörd F-35 qırıcısı və B-2 bombardmançısı formasiya ilə uçur. Tramp fotolara şərh əlavə etməyib.
“Bild”in məlumatına görə, Avropa rəsmiləri Trampın Rusiyaya sanksiya tətbiq etmədən yalnız hədələrlə kifayətlənməsindən narazıdır. Zəng zamanı Tramp Avropanı “Rusiya hərbi maşınını maliyyələşdirməkdə” günahlandırıb.
Avropa liderləri isə cavab olaraq bildirdilər ki, yalnız Macarıstan və Slovakiya Rusiya neftini alır. Trampın xüsusi elçisi Stiven Uitkoff isə Avropanın Hindistanda emal olunmuş Rusiya neftindən alınmış yanacaq məhsullarını idxal etdiyini deyib.
Aİ liderləri 48 saat ərzində Vaşinqtona nümayəndələr göndərərək sanksiya üzrə işçi qrup yaratmağı təklif etsə də, Trampın bu təşəbbüsü qəbul edib-etmədiyi aydın deyil.
“Bild”ə danışan mənbələr Trampın Rusiyaya qarşı sanksiya tətbiq edəcəyini gözləmədiklərini bildiriblər.
N.Təbrizli