Polşa hava limanlarını bağladı, ordu döyüş hazırlığına gətirilib

Rusiya Ukraynaya kütləvi hücum həyata keçirdikdən sonra Polşa sentyabrın 10-na keçən gecə bir neçə hava limanını bağlayıb və silahlı qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirib. Bu barədə aviasiya bildirişlərində (NOTAM) və ordunun açıqlamasında deyilir.
Qeyri-planlaşdırılmış hərbi fəaliyyət səbəbindən “Jeşuv-Yasenka”, “Lyublin” və Varşavanın hər iki hava limanında uçuşlar dayandırılıb.
Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı “X” sosial şəbəkəsində bildirib ki, hava məkanının mühafizəsi üçün bütün zəruri prosedurlar işə salınıb. Polşa və digər NATO ölkələrinin qırıcıları havaya qaldırılıb, hava hücumundan müdafiə qüvvələri yüksək döyüş hazırlığına gətirilib.
Polşanın cənub-şərqində yerləşən “Jeşuv-Yasenka” hava limanı Qərbin Ukraynaya hərbi yardımının çatdırılması üçün əsas logistika mərkəzidir.
NATO üzvü olan Polşa Rusiyanın 2022-ci ildə başladığı müharibədən bəri hava hücumundan müdafiəni davamlı olaraq gücləndirir.
N.Təbrizli
Son xəbərlər
Daha çox 