Rusiya səfiri İsveç XİN-ə çağırılıb

İsveç Xarici İşlər Nazirliyi Rusiyanın Stokholmdakı səfirini ölkənin hava məkanına dair narahatlıqlarla bağlı çağırıb.
Nazirliyin yaydığı açıqlamada bildirilir ki, bu addım Rusiyanın 10 sentyabr tarixində Polşanın hava məkanını pozmasına etiraz olaraq atılıb.
"Bu gün, 11 sentyabr tarixində Xarici İşlər Nazirliyi Rusiyanın Stokholmdakı səfirini çağırıb. Bu, Rusiyanın Polşanın hava məkanını pozmasına cavab olaraq həyata keçirilib," – deyə bəyanatda qeyd olunub.
Bundan əvvəl Polşa ordusunun operativ komandanlığı sentyabrın 10-da ölkənin hava məkanını pozan bir neçə pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb. Polşanın Baş naziri Donald Tusk insident zamanı ümumilikdə 19 hava məkanı pozuntusunun qeydə alındığını və bütün PUA-ların Belarusdan havaya qalxdığını bildirib.
Hadisə ilə bağlı Polşa NATO-nun 4-cü maddəsini işə salaraq alyans daxilində məsləhətləşmələrə başlamaq təşəbbüsü irəli sürüb.