Zelenski Kelloqla görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq ilə konstruktiv danışıqlar aparıb.Bu barədə Zelenski özünün teleqram kanalında bildirib.
Qeyd olunub ki, tərəflər əməkdaşlığın müxtəlif sahələrini, real sülhə nail olmaq və Ukraynanın təhlükəsizliyinə təminatları müzakirə ediblər.
"Bunlar "Patriot"un istehsalı və alınmasının maliyyələşdirilməsi üzrə PURL təşəbbüsü çərçivəsində ayrıca layihələrdir, bizim ABŞ-yə təklif etdiyimiz pilotsuz təyyarələrin və silahların birgə istehsalına dair güclü ikitərəfli sazişlərdir. Biz müsbət cavaba ümid edirik", - Ukrayna lideri qeyd edib.
Zelenski vurğulayıb ki, o, Kelloq ilə liderlərin görüşünün təşkili və müharibəni mümkün qədər tez bitirmək üçün tariflər və sanksiyalar vasitəsilə Rusiyaya artan təzyiqi də müzakirə edib.
Tərəflər həmçinin Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Vaşinqton və Kiyevin qarşıdan gələn birgə tədbirlərinə hazırlıq və "istəklilərin koalisiyası" çərçivəsində işi müzakirə ediblər.