Rusiya qırıcıları Estoniyanın hava məkanını pozub

Estoniya Rusiyaya məxsus 3 "MiQ-31" qırıcısının ölkənin hava məkanını pozduğunu bildirib.
Hökumətin verdiyi məlumata görə, təyyarələr icazəsiz şəkildə Vayndloo adası yaxınlığında Estoniyanın hava məkanına daxil olub və orada təxminən 12 dəqiqə qalıblar.
Hadisə zamanı transponderlər söndürülüb, həmçinin Estoniyanın aviadispetçerləri ilə radyo əlaqəsi olmayıb.
Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağıraraq ona etiraz notası təqdim etməyi planlaşdırır.
"Rusiya bu il artıq dörd dəfə Estoniyanın hava məkanını pozub ki, bu da özlüyündə qəbuledilməzdir. Amma 3 qırıcı təyyarənin sərhədimizi keçdiyi bugünkü müdaxilə misli görünməmiş həyasızlıqdır", - xarici işlər naziri Marqus Tsahkna bildirib.