Bundesverə məxsus təyyarə pirotexniki vasitələrdən atəşə tutulub

Bundesverə məxsus hərbi-nəqliyyat təyyarəsi Tselle şəhərində (Aşağı Saksoniya federal torpağı) aerodromdan havaya qalxan zaman naməlum şəxslər tərəfindən pirotexniki vasitələrdən atəşə tutulub.Bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb.
Məlumata görə, hadisə sentyabrın 26-da saat 12:00 radələrində (Bakı vaxtı ilə 14:00) baş verib. Hücumu həyata keçirənlər "C-130" vura bilməyib, lakin pilotlar işıq saçması və daha sonra isə güclü partlayış hiss ediblər. Onlar dərhal aerodrom nəzarətçilərinə məlumat veriblər.
Almaniya Silahlı Qüvvələrindəki mənbələrin sözlərinə görə, hərbi təyyarələrin iştirakı ilə bu kimi insidentlər olduqca nadir hallarda baş verir. Hadisə yerinə hərbçilər və polis cəlb olunsa da, şübhəlilərin izi tapılmayıb. Aerodrom ərazisində partlayıcı maddələrin olması ehtimalı ilə axtarış aparılıb, lakin şübhəli heç nə aşkar edilməyib.
Hazırda həm Bundesver, həm də polis faktla bağlı araşdırma aparır.