Yunanıstan və tərəfdaş ölkələr Ukraynaya qaz nəqli üçün ilk Trans-Balkan hərracını uğurla yekunlaşdırıb
Yunanıstan, Bolqarıstan, Rumıniya və Moldovanın qaz nəqli sistemi operatorları 2025-ci ilin noyabrından 2026-cı ilin aprelinə qədər Ukraynaya təbii qaz nəqli üçün Trans-Balkan boru kəməri üzrə keçirilən hərracı uğurla başa vurublar.
Bu barədə Afina-Makedoniya Xəbər Agentliyi (ANA-MPA) Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Yunanıstandan Ukraynaya qaz nəqli üçün keçirilən hərracda noyabr ayı üçün gündəlik 6,32 GVt/saat qaz ekvivalenti üç istehlakçı tərəfindən rezerv edilib. Hərrac DESFA (Yunanıstan), Bulgartransgaz (Bolqarıstan), Transgaz (Rumıniya), VestMoldTransgaz (Moldova) və Ukraynanın GTSOU operatorları tərəfindən birgə təşkil olunub.
ANA-MPA qeyd edir ki, bu, Yunanıstanın Milli Tənzimləmə Qurumunun təsdiqlədiyi və 2026-cı ilin aprelində başa çatan altı aylıq dövr üçün nəzərdə tutulan 1 nömrəli marşrut üzrə ilk uğurlu hərracdır.
“Qış mövsümü ərəfəsində bu nəticə Ukraynanın enerji təhlükəsizliyini xüsusilə kritik bir zamanda gücləndirir. Eyni zamanda, Yunanıstanın Cənub-Şərqi və Mərkəzi Avropa üçün enerji qovşağı kimi rolunu və Şaquli Dəhlizin potensialını önə çıxarır”, — nazirlikdəki mənbələr bildirib.
Mənbələrin sözlərinə görə, hərracın uğurlu nəticələnməsində əsas rol Afinada Yunanıstanın ətraf mühit və energetika naziri Stavros Papastavrunun iştirakı ilə keçirilən operatorlar görüşü oynayıb. Görüşdə qaz tranzit tariflərinin orta hesabla 10% azaldılması barədə razılıq əldə olunub.
Aytac