Ağ Ev jurnalistlər üçün qaydaları sərtləşdirib
Ağ Ev rəhbərliyi yeni qərarla müxbirlərin Qərb qanadındakı otaqlara sərbəst girişini məhdudlaşdırıb.Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Yeni qaydalara əsasən, bundan sonra Ağ Evdə akkreditə olunmuş jurnalistlər artıq mətbuat ofisinə, eləcə də Prezidentin mətbuat katibi və ictimai əlaqələr komandası ilə üzbəüz yerləşən bölmələrə yalnız öncədən razılaşma əsasında daxil ola biləcəklər.
Bu qərar əsasən “Room 140” kimi tanınan, peşəkar mühitdə “Yuxarı mətbuat” adlandırılan sahəyə aiddir. Əvvəllər jurnalistlər həmin əraziyə sərbəst şəkildə daxil olaraq rəsmilərdən dərhal açıqlama və ya şərh ala bilirdilər.
Məhdudiyyətin tətbiqindən sonra giriş yalnız Ağ Evin səlahiyyətli nümayəndələrinin təsdiqi ilə mümkün olacaq. Milli Təhlükəsizlik Şurasının nümayəndələri bildiriblər ki, bu addım daxili struktur dəyişiklikləri və məxfi məlumatların dövriyyəsi ilə bağlı atılıb.
Agentliyin məlumatına görə, Ağ Evin əlaqələr xidməti əməkdaşları artıq müntəzəm olaraq məxfi sənədlərlə işlədikləri üçün bu sahəyə sərbəst giriş təhlükəsizlik baxımından riskli hesab edilib.