Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin bütün ekipaj üzvü həlak olub - Yenilənib
Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsinin bütün ekipaj üzvü həlak olub.Bu barədə “AnewZ” telekanalının müxbiri Nini Nikoleişvili Sıqnaxi bələdiyyəsində, qəzanın baş verdiyi yerdən məlumat verib.
Təsdiqlənmiş məlumata görə, dağlıq ərazidə qəzaya uğrayan təyyarənin göyərtəsindəki 20 nəfərin hamısı həlak olub.
***
Gürcüstanın daxili işlər naziri Gela Geladze Türkiyəyə məxsus təyyarənin qəzaya uğradığı əraziyə səfər edib.Bu barədə “Sputnik Gürcüstan” xəbər verir.
Naziri müavini Roni Mesxi, Kaxetinin qubernatoru Giorgi Aladaşvili və nazirliyin müvafiq xidmət rəhbərləri müşayiət edirlər.
***
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycandan Türkiyəyə yola düşən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması ilə əlaqədar qardaş ölkənin daxili işlər naziri Əli Yerlikayaya zəng edib.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazir hərbi qulluqçuların həlak olması ilə əlaqədar başsağlığını çatdırıb, yaxınlarına Allahdan səbr dilədiyini bildirib.
Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələrinin Gürcüstanla sərhəddə tam hazır vəziyyətdə gözlədiyini diqqətə çatdıran nazir , faciə ilə əlaqədar Gürcüstanın daxili işlər naziri Gela Geladze ilə telefonla danışaraq vəziyyəti müzakirə etdiklərini bildirib. Qeyd edib ki, gürcü nazir hər hansı ehtiyac yaranacağı halda axtarış-xilasetmə əməliyyatlarına Azərbaycan FHN-in qüvvələrinin dərhal qoşulması üçün müraciət ediləcəyini bildirib.
Türkiyəli nazir göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edib.
***
Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
"Qəzaya düşən təyyarənin göyərtəsində ekipaj üzvləri ilə birlikdə 20 hərbçimiz olub. Qəza bölgəsində axtarış-xilasetmə əməliyyatları davam edir", - məlumatda deyilir.
***
Prezident İlham Əliyevin tapşırığına əsasən Baş nazir Əli Əsədov Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə əlaqə saxlayıb.
Baş nazir Əli Əsədov qəzanın nəticələrinin aradan qaldırılması, axtarış və xilasetmə tədbirlərinin həyata keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə, həmçinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq heyətinin həmin əraziyə göndərməyə və digər lazımi dəstək tədbirlərini görməyə hazır olduğunu bildirib.
Gürcüstan tərəfi bu dəstəyə görə təşəkkürünü bildirib, hazırda Gürcüstanın aidiyyəti qurumlarının nümayəndələrinin ərazidə çalışdığını qeyd etmişdir. Söhbət zamanı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Gürcüstan həmkarları ilə təmasda olduqları vurğulanmışdır.
Tərəflər faciə ilə əlaqədar təmasların davam etdirilməsini razılaşdırıb.
***
Türkiyə məxsus hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.Bu barədə Gürcüstan DİN məlumat yayıb.
Məlumata görə, faktla bağlı Gürcüstan CM-nin 275-ci maddəsinin 4-cü bəndi üzrə araşdırma başlanıb.
Bu maddə uçuşların təhlükəsizliyi qaydalarının və ya insan tələfatı ilə nəticələnən hava nəqliyyatı vasitəsinin istismarı qaydalarının pozulmasını ehtiva edir.
***
Ölkə ərazisinə daxil olduqdan bir neçə dəqiqə sonra Türkiyəyə məxsus “C-130” tipli hərbi təyyarə həyəcan siqnalı vermədən radarlardan itib.Bu barədə Gürcüstan Hava Naviqasiya Xidməti yayıb:
“Hadisədən sonra Gürcüstan Hava Naviqasiya Xidməti tərəfindən müəyyən edilmiş axtarış-xilasetmə tədbirləri həyata keçirilməyə başlanıb”.
***
Gürcüstan ərazisində qəzaya uğrayan türk hərbi təyyarəsi ilə bağlı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan açıqlama verib.Bu barədə o, AKP-nin Konqres Mərkəzində keçirilən Şəhərsalma Zirvəsində çıxışı zamanı danışıb:
“Təyyarəmizin qəzaya uğradığını öyrəndik, qurumlarla dağıntılara çatmaq üçün işlərimiz davam edir, inşallah qəzadan ən az itki ilə çıxarıq. Rəbbim şəhidlərimizə rəhmət eləsin, dualarımız onlarladır”.
***
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Başsağlığında deyilir:
"Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi.
Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm".
***
Türkiyənin hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması faktı ilə bağlı ölkənin daxili işlər naziri Ali Yerlikaya rəsmi "X" hesabında paylaşım edib.
"Azərbaycandan ölkəmizə gəlməkdə olan Müdafiə Nazirliyimizə məxsus C130 tipli hərbi yük təyyarəmizin Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğraması xəbərini dərin kədər hissi ilə öyrəndim.Axtarış-xilasetmə işləri davam edir. Gürcüstanın daxili işlər naziri cənab Gela Geladze ilə telefonla danışdım. Cənab nazir də hadisə yerinə yola düşüb.Əziz millətimizə keçmiş olsun",- paylaşımda bildirilib.
***
Gürcüstan- Azərbaycan sərhədində hərbi təyyarə qəzaya uğrayıb.Bu barədə “İmedi TV” məlumat yayıb.
Gürcüstan rəsmilərindən hələlik heç bir açıqlama verilməyib.
Təyyarənin Türkiyəyə məxsus olduğu ehtimal edilir.
Son xəbərlər
Daha çox