Nigeriyada fövqəladə vəziyyət elan edilib
Nigeriya prezidenti Bola Tinubu ölkədə təhlükəsizlik sahəsində fövqəladə vəziyyət elan etdiyini, həmçinin Silahlı Qüvvələrə və polisə əlavə çağırışın aparılacağını bildirib.
Bu barədə dövlət başçısının administrasiyasının məlumatında deyilir.
“Bu gün ölkədə formalaşan təhlükəsizliklə bağlı fövqəladə vəziyyəti nəzərə alaraq, mən ölkə üzrə təhlükəsizlik sahəsində ümummilli fövqəladə vəziyyət elan etmək qərarına gəldim və Silahlı Qüvvələrə əlavə çağırışın aparılması barədə göstəriş verdim. Polis əlavə 20 min nəfər qəbul edəcək və bununla da polis əməkdaşlarının ümumi sayı 50 minə çatacaq. Hazırlıq prosesi gənclərin milli mülki xidmətinin təlim düşərgələrində də həyata keçiriləcək. Yüksək vəzifəli şəxslərin mühafizəsində xidmət edən hərbçilər də cəlb olunacaqlar. Təhlükəsizlik Xidmətinə isə meşə mühafizəçilərini cəlb edərək bütün terroristləri və quldurları həmin ərazilərdə məhv etməklə bağlı göstəriş verilib”, - məlumatda deyilir.