Türkiyənin 31 əyalətində qarlı hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Türkiyənin 81 əyalətindən 31-də güclü yağışlar, qar və buzlu hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Türkiyə Meteorologiya Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, ölkə daxilində temperatur yanvarın 14-dək normadan 10 dərəcə aşağı düşəcək.
Anadolunun bir sıra bölgələrində təhsil prosesi dayandırılıb. Yüzlərlə yaşayış məntəqəsi ilə əlaqə kəsilib.
Milli aviadaşıyıcı olan Türk Hava Yolları yanvarın 1-nə planlaşdırılan 50, Ajet şirkəti isə 64 reysi ləğv edib.
Qeyri-adi soyuq hava şəraiti qeyd olunan bir neçə əyalətdə vətəndaşlara mütləq zərurət olmadığı təqdirdə çölə çıxmamaqla bağlı çağırış olunub.
Ölkə üzrə fövqəladə xidmətlər gücləndirilmiş iş rejimində çalışır.