Təbrizdə hərbi vəziyyət elan olunub
İranda davam edən kütləvi etirazlar fonunda ölkənin şimal-qərbində yerləşən Təbriz şəhərində təhlükəsizlik tədbirləri sərtləşdirilib və şəhərdə faktiki olaraq hərbi vəziyyət hökm sürür, yerli sakinlər bildirir.
“Iran International” portalının yerli mənbələrə istinadən yaydığı məlumata görə, təhlükəsizlik qüvvələri tərəfindən qeyri-rəsmi komendant saatı tətbiq edilib və sakinlərə axşam saat 20:00-dan sonra evlərini tərk etməmək barədə xəbərdarlıq olunub.
Mənbələrin sözlərinə görə, Təbrizin tarixi Böyük Bazarı və iri ticarət mərkəzləri fəaliyyətini dayandırıb. Şəhərdə ərzaq qıtlığı müşahidə olunur, bəzi məhəllə mağazaları məhdud saatlarda açıq olsa da, ət, toyuq və düyü kimi əsas məhsulların tapılması çətinləşib.
Sakinlər həmçinin bildiriblər ki, şəhərin mərkəzi küçələri ilə yanaşı, ucqar yaşayış məhəllələrində də hərbi texnika və silahlı təhlükəsizlik qüvvələrinin sayı artırılıb.
Təbrizdəki vəziyyət İranda dekabrın sonundan etibarən iqtisadi böhran və həyat səviyyəsinin pisləşməsi fonunda başlayan etiraz aksiyalarının davam etdiyi bir vaxtda qeydə alınıb.
Rəsmi Tehran şəhərdə təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi və tətbiq edilən məhdudiyyətlərlə bağlı hələlik açıqlama verməyib.