Aİ Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız girişi ləğv edir
Avropa İttifaqı Gürcüstanın diplomatik və xidməti pasport sahibləri, eləcə də ölkənin siyasi elitası və hökumət rəsmiləri üçün vizasız giriş rejimini dayandırmaq qərarı verib. Bu barədə Azad Avropa/Azadlıq Radiosunun Avropa Bürosunun baş redaktoru Rikard Jozviak məlumat yayıb.
Qərar Gürcüstanın adi vətəndaşlarına şamil edilmir və yalnız rəsmi pasport sahiblərini əhatə edir.
Jozviak bildirib ki, 27 Aİ üzv dövlətindən yalnız Macarıstan və Slovakiya qərarın əleyhinə səs verib, lakin onlar da qəbul edilmiş qərarı icra etməyə borcludurlar. Yeni rejimin martın əvvəlində qüvvəyə minəcəyi gözlənilir.
2025-ci ildə Aİ Şurası Gürcüstanın diplomatik pasport sahibləri üçün viza rejiminin sadələşdirilməsi sazişini qismən dayandırmışdı.
Həmin qərardan sonra üzv dövlətlər fərdi qaydada viza tətbiq edib-etməmək hüququ qazanmışdı.
2025-ci ilin iyunun sonuna qədər Rumıniya, Bolqarıstan, Latviya, Litva, Estoniya, Lüksemburq, Niderland, Fransa, Belçika, İtaliya və Çexiya artıq oxşar məhdudiyyətlər tətbiq etmişdi.
Brüsselin qərarı Aİ ilə Gürcüstan hakimiyyəti arasında artan siyasi gərginlik fonunda qəbul edilib. Aİ rəsmiləri Tbilisinin siyasətini dəyişməli olduğunu və ölkənin “Avropa inkişaf yoluna qayıtmasının” vacibliyini bəyan ediblər.
Bu qərar Aİ-nin Gürcüstan hakimiyyətinə qarşı siyasi siqnal kimi qiymətləndirilir, lakin sadə vətəndaşların Şengen zonasına vizasız səfər hüququ dəyişməz qalır.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox