Xalq payız sessiyasında deputatlardan nə gözləyir? - SORĞU

18:21 | 15.09.2014
Xalq payız sessiyasında deputatlardan nə gözləyir? - SORĞU

Xalq payız sessiyasında deputatlardan nə gözləyir? - SORĞU

Parlamentin daxili Nizamnaməsinə əsasən sentyabrın 15-də Milli Məclisin payız sessiyası başlayır. Sentyabrın 30-da MM-in payız sessiyasının ilk plenar iclası olacaq. 

Parlamentin payız sessiyasında “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” və büdcə zərfinə daxil olan qanun layihələri, eləcə də ölkəmizin iqtisadi, ictimai-siyasi, mədəni həyatı üçün vacib olan bir sıra layihələr müzakirəyə çıxarılaraq qəbul ediləcək, müxtəlif sahələri əhatə edən beynəlxalq sazişlər və müqavilələr təsdiqlənəcək. Həmçinin yaz sessiyasında hazırlanan qanun layihələrinin müzakirəsi davam etdiriləcək. 

ANN.Az cəmiyyətin Milli Məclisin bu sessiyası ilə bağlı gözləntilərini öyrənmək üçün sorğu keçirib. İştirakçılara belə bir sualla müraciət etdik: Xalq payız sessiyasında deputatlardan nə gözləyir? 

125-lər Siyasi Klubunun sədr müavini, Azərbaycan Ümid Partiyasının "Beynəlxalq əlaqələr" şöbəsinin müdiri Tamilla Qulami payız sessiyasına dair təkliflərini bildirib. “Cəmiyyətin ümumi götürəndə nəinki payız sessiyasında, məclisin toplaşdığı bütün sessiyalarda deputatlardan həllini gözlədiyi bir çox məsələlər var. Bu məsələlər Qarabağ problemi, sosial problemlərin həlli istiqamətində müəyyən addımların atılması kimi məsələləridir. Məsələn, əmək haqlarının artırılması, əmək haqlarına uyğun olaraq bazar qiymətlərinin tənzimlənməsi, təhsil və səhiyyə sahəsində əsaslı islahatların aparılması. 

Bu gün Azərbaycanda bəzi gündəlik sosial gərginliklər var ki, məsələn nəqliyyat sektorunda, ictimai iaşə sektorunda olan naqisliklərə xalq, Milli Məclisdən də ciddi reaksiya gözləyir. Gündəlik davranış qaydalarımızı tənzimləyə biləcək müvafiq normativ aktlar tənzimlənməlidir (məsələn, qapalı yerlərdə siqaretin çəkilməməsi, sürücü-sərnişin davranışı və s).

 Bundan əlavə cəmiyyətimizin başlıca problemlərindən biri də televiziya kanallarında proqram siyasətinin düzgün aparılmaması, dil qaydalarına riayət olunmaması, milli dəyərlərin alver predmetinə çevrilməsidir. Hər birimizi bütün bunların şahidiyik, şikayətçisiyik. Televiziya cəmiyyətin güzgüsüdür deyirlər, doğru. Amma televiziyanı yerli-yersiz, əxlaq dəyərlərini, mənəvi dəyərləri yanlış yerə sürükləyən proqramlardan təmizləmək, uşaqların, yeniyetmələrin təlim tərbiyəsi yönündə verilişlərə, intellektual xarakterli oyunlara daha çox yer verilməlidir. Artıq bu məsələlərin həllini tapması üçün xahiş yox, tələb etmək daha doğrudur. Əks halda bu cəmiyyət uçuruma doğru gedir. 

Ümid edirik ki, yaxın gələcəkdə hamısı olmasa da sadalanan problemlərin çoxu öz həllini tapar.” 

Demokratik İslahatlar Partiyasının (DİP) fəal gənci Nərmin Şamilbəyli nəqliyyat probleminin həllinin zəruri olduğunu qeyd edib. “Xalqın fəal bir vətəndaşı olaraq, deputatlardan müxtəlif istiqamətlərdə islahatlar aparmasını zəruri hesab edirəm. Xüsusən də, nəqliyyat və səhiyyə sahəsində işlər görülməlidir. Bir vətəndaş kimi məni ən çox düşündürən məsələ nəqliyyat problemidir. Ölkənin sürətli inkişafı, görülən işlərin bir çoxu nəqliyyat sistemindən asılıdır. Nəqliyyat sistemindəki çatışmazlıqlar ucbatından vətəndaşlarda vaxt, enerji, ruh düşkünlüyü və yorğunluq yaranır. Bundan əlavə vaxt itkimiz olur. Normalda qısa zamanda görə biləcəyimiz iş tıxaclar ucbatından bir neçə saat uzanır.” 

Gənc fəal Mətanət Paşasoy daha çox təhsil və səhiyyə sahəsində boşluqların aradan qaldırılmasının zəruri olduğunu vurğuladı. “İlk növbədə təhsil və səhiyyəyə diqqət artırılmalıdır. Təhsil və səhiyyə sahəsində çalşşanların əmək haqlarının artırılması çox vacibdir. Əks halda hər iki sahədə olan neqativ halların qarşısını almaq mümkün olmayacaq.” 

“Bakı-Xəbər” qəzetinin müxbiri Günel Cəilova toy və yas mərasimləri ilə bağlı təkliflərini bildirib. “Azərbaycanda keçirilən yas və toy mərasimlərində həddindən artıq israfçılığa yol verilir. Düşünürəm ki, bunlar yolverilməzdir. Bununla bağlı müəyyən tənzimedici addımlar atılmalıdır.” 

Mövzu ilə bağlı sorğumuzu davam etdirəcəyik...

 Mehman 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM