“Artist” rəsm qalereyasında xalq rəssamı Böyükağa Mirzəzadənin əsərlərindən ibarət sərgi keçiriləcək.
ANN.Az xəbər verir ki, sərginin açılışı bu gün saat 19:00-da olacaq və dekabrın 10-dək davam edəcək.
Azərbaycanın rəngkarlıq məktəbinin görkəmli nümayəndəsi, xalq rəssamı, dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Böyükağa Məşədi oğlu Mirzəzadə 21 fevral 1921-ci ildə Bakıda anadan olub. 1939-cu ildə Azərbaycan Rəssamlıq Məktəbini bitirib. V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb.
B.Mirzəzadənin böyük ustalıqla yaratdığı əsərlər Azərbaycan rəssamlıq məktəbinə ölkəmizin hüdudlarından kənarda da şöhrət qazandırıb. Doğma Vətəninə, onun işi, zəhməti ilə seçilən insanlarına olan sonsuz məhəbbətini rənglərin dili ilə nümayiş etdirib.
“Dirijor Niyazi”, “Balerina Rəfiqə Axundova”, “Akademik Məmməd Arif”, “Aşıq Ələsgər”, “Rejissor Şəmsi Bədəlbəyli”, “Xalq Rəssamı Səttar Bəhlulzadə”, “Xalçaçı alim Lətif Kərimov”, “Aktrisa Sona Aslanova”nın və onlarla digər tanınmış şəxsiyyətlərin obrazlarını yaradıb.
Rəssamın yaradıcılığında “Çənlər”, “Günorta”, “Çimərlikdə”, “Sahildə estakada”, “Fatmayıda hamam”, “Neft daşları”, “Babəkin yürüşü” və s. kimi tematik lövhələri Azərbaycan rəngkarlığının inkişafında özünəməxsus yer tutur.
1965-76-cı illərdə Dövlət Musiqili Komediya Teatrının baş rəssamı vəzifəsində çalışan Böyükağa Mirzəzadə teatr-dekorasiya sənəti sahəsində də öz bənzərsiz fırçasını uğurla sınaqdan keçirib.
İ.Əfəndiyevin “Mənim günahım” pyesinə, Z.Bağırovun “Qayınana”, İ.Kalmanın “Bayadera” musiqili komediyalarına bədii tərtibat verən rəssamın boyakarlıq və qrafika əsərləri ölkəmizin rəssamlıq sənəti tarixinə həmişəlik daxil olub.
B.Mirzəzadə zəngin bədii yaradıcılıqla yanaşı, həm də uzun illər Ə.Əzimzadə adına Rəssamlıq Məktəbi, Mədəniyyət və İncəsənət Universiteti və Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olaraq gənc, peşəkar rəssamlar nəslinin yetişdirilməsində böyük zəhmət sərf edib.
B.Mirzəzadə 2007-ci il noyabrın 3-də, 86 yaşında vəfat edib.
ANN.Az