Xalq şairimizdən Kim Çen Ina sərt təpki - VİDEO

21:28 | 08.01.2016
Xalq şairimizdən Kim Çen Ina sərt təpki - VİDEO

Xalq şairimizdən Kim Çen Ina sərt təpki - VİDEO

"Hər kəs bacardığını eləməlidir. Mənim əlimdən yazmaq gəlir”.

Azərbaycanın Xalq şairi Fikrət Qoca "Nüvə sınağına yox” şeiri ilə Şimali Koreya lideri Kim Çen Ina öz etirazını ifadə edib. 

ANS TV-nin məlumatına görə, şair bundan sonra məhəbbət şeirləri yazmağın mənasız olduğunu deyib:
"Yer üzündə bəzi ölkələri xəstə adamlar idarə edir. Onların əlinə belə silah düşəndə, təbii ki, nəticəsi məlumdur. Çünki o düşünə bilmir, gerisini görmür. O, elə bilir ki, dünyaya hökmdar ola bilər. Hər kəs bacardığını eləməlidir. Mənim əlimdən yazmaq gəlir”.

Həmin şeiri təqdim edirik:

Allah tozanağı yoğurdu-yapdı,
Kainat qoynunda cənnət yaratdı,
Bizi də cənnətin qoynuna atdı.
Sonra nə eylədik, biz eylədik, biz!
Göz açdıq, nə gördük, söz eylədik biz.
Zəmzəm suyumuzu buz eylədik biz.
Yorduq torpaqları duz eylədik biz,
Bu xaos dünyada meydan sulasa,
Cənnəti yenidən toz eylərik biz!

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) hidrogen bombasını sınaqdan keçirib. Sınağın uğurla keçdiyi barədə ölkənin mərkəzi televiziyası məlumat yayıb. Bəyanatı həmçinin Cənubi Koreya telekanalları da yayımlayıb.

Bununla yanaşı KXDR "məsul nüvə dövləti" olduğunu və yalnız ölkə üçün təhlükə olacağı təqdirdə kütləvi qırğın silahı tətbiq edəcəyini açıqlayıb. Bundan başqa, Pxenyan bəyan edib ki, nüvə texnologiyalarını hər hansı dövlətə vermək niyyətində deyil.

BMT Təhlükəsizlik Şurası da bu sınaqlara cavab olaraq Pxenyana qarşı müxtəlif sanksiyalar tətbiq edib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM