"1997-ci ildən, doğulandan bəri burada yaşayıram. Təbii ki, buradan getmək, başqa yerdə yaşamaq istəyərəm, amma hələ ki, ilişib qalmışam”, - Kənan yataqxanadakı həyatla bağlı verdiyim suala cavabında deyir və əlavə edir: "Buradakı heç kəs belə həyata layiq deyil, daha yaxşı ola bilərdi, amma hələlik burdayıq, yaşayırıq...”
Kənan Rəsulzadə qaçqın yataqxanasında böyüyən gənc nəsil nümayəndələrindən biridir. Artıq 18 ildir ki, burada yaşayır. Valideynlərinin yurdu olan Laçını heç vaxt görməyib. Əvəzində isə onun evi köhnə yataqxana binası, sınıq-salxaq dəhlizlər və dar otaqlar olub. Kənan orta boylu, sağlam bədənlidir, idmanla məşğul olduğu dərhal bilinir. Zahirən özünəinamlı görünür, bəlkə də bu, fizionomiyanın verdiyi xüsusi arxayınçılıqdan qaynaqlanır. Üzündən düşməyən təbəssüm, sözləri seçə-seçə, pəsdən danışması isə onun daxilən həssas insan olduğunu ələ verir.
Yataqxanadakı həyat
"Yataqxanada yaşamayan adam buranın necə bir yer olduğunu başa düşə bilməz. Müharibədə gələnlərin uşaqları böyüyüb evləniblər, indi onların da uşaqları böyüyüb. Çox çətindi belə şəraitdə yaşamaq. Hamı hamıyla iç-içədi, şəxsi həyat yoxdu. Elə ev var, üç otaqda üç ailə yaşayır. Evin iki otağının hər birində ailəli-uşaqlı iki qardaş yaşayır, bir otağında da valideynlər...” – Kənan yataqxana şəraitindən danışarkən deyir və buradakı mühitə aydınlıq gətirir:
"Burada mühit o qədər də yaxşı deyil, gənclər düz-əməlli təhsil almırlar, mədəni səviyyə aşağıdır. Ona görə də, "Vor dünyası”, "Oğru aləmi” kimi söhbətlərə baş qoşan çoxdu. Cinayət törədib həbsxanaya düşənlər var. Bu günlərdə elə biriylə söhbət elədim. Soruşuram ki, bəs belə həyatın mənası nədir ki? Deyir, biz varlılardan alıb, kasıblara paylayırıq. Əslində, heç özü də bilmir bu sözlərin mənası nədir. Sadəcə hardansa eşidib, təkrarlayır. Gedib hansısa yazığın birinin dükanını yarıb özlərinə lazım olan şeyləri götürürlər, sonra da hansısa anda türməyə düşürlər.
Burda həyat tərzi seçimi azdır. Kreditə girib, özlərinə smartfon telefon alan xeyli sayda adam var, bütün gün oyun oynayırlar. Siz burda evlərində "Wi-Fi”-yı olan adamların qapısı qarşısında dəstəylə dayanıb telefonda oyun oynayan adamlar görə bilərsiz. Öz evlərində internet yoxdur, gəlib kiminsə qapısı qarşısında dayanırlar”.
Xarabalıqdan sənət yaratmaq arzusu
Kənan universitetə imtahan verməyə hazırlaşır. Bəzi fənlərdən repetitor yanına hazırlığa gedir. Arzusu isə kino rejissor olmaqdır. Bəs nəyə görə məhz rejissorluq?
"Həmişə kinoya baxmağı sevmişəm. İndi də gündə bir-iki filmə baxıram. Filmlərə baxa-baxa məndə də film yaratmaq ehtirası yarandı”, - Kənan deyir:
"İçimdə belə hiss var ki, bu işi bacararam, o potensialı görürəm özümdə. Hələlik film çəkmək şansım olmadığına görə, özüm üçün nələrsə yazıram, hekayə-filan. Əslində, yazdıqlarımı kinonun bir səhnəsi kimi görürəm. Hələki bunların xüsusi bir keyfiyyətinin olduğunu düşünmürəm. Heç vaxt da açıb-ağartmıram. Amma bu yaxınlarda bu işləri bilən adama göstərdim. Milan Kunderanın "Varlığın dözülməz yüngüllü” əsərini oxuyub təsirlənmişdim. Oradakı qadına istinadən Tereza adında bir obraz yaradıb, onun qocalandan sonra özüylə olan monoloqunu yazmışdım. Düzü, o adama yazdığımı göstərmək istəmirdim, fikirləşirdim ki, vaxtını alacam, başından rədd edəcək. Amma oxuyub bəyəndi, dedi ki, təsvirlərin maraqlıdır, hətta bildirdi ki, mədəniyyət portalı var, orda vermək olar yazdığını...”
Azərbaycanda film sənayesi geri qalır. Kino heç də perspektivli sahə sayılmır, gənclərin əksəriyyəti gələcək karyeralarını düşündüklərindən belə ixtisaslardan qaçırlar. Kənandan soruşuram ki, o seçimində əmindirmi? Həm də o, İncəsənət universitetində alacağı təhsilin rejissor kimi yetişməsinə töhvə verəcəyinə inanırmı?
"Əslində, İncəsənət universitetinin rejissorluq yox, kinoşünaslıq ixtisasına daxil olmağı hədəfləmişəm. Rejissorluq ixtisası da var, amma qabiliyyət imtahanı tələb edilir. Bilirəm ki, qabiliyyətdən keçməyəcəm, çünki rüşvət verməliyəm. Xeyli miqdarda puldu. Orda oxuyan tanışlarım var, ona görə də situasiyanı bilirəm. İndi burada kinoşünaslıq ixtisasında oxumaq, sonra da təhsilimi Türkiyədə davam etdirmək istəyirəm. Türkiyədə imkanlar genişdi, həm də kino ölkəsidi. Vaxt itirməkdən qorxmuram. Çünki xarabalığın içində də mövzu çoxdu. Məsələn, bu yataqxana, bu bina, buradakı insanların həyatı, yaşadığım şəhərin özü belə mövzudur. Burada sifətlər, əşyalar, məkanların özü belə danışır, bunu çatdırmaq olar. Bütün bunların hamısı bir kino mövzusudur...”
Seçilmək
Kənana deyirəm ki, həmyaşıdlarından fərqləndiyini bilirmi? Çünki nəinki şəraitsiz yataqxana mühitində, ümumiyyətlə, Azərbaycan cəmiyyətində oxumuş, öz üzərində çalışan, ambisiyalı gənclərin sayı azdır və bu, ümumi bəladır. O necə olub ki, həmyaşıdlarından seçilməyə başlayıb?
"Mənim bir yaxın qohumum var, dəyişməyimdə o, rol oynayıb. Uşaqlığımdan fikir verirdim ki, o, başqa qohumlarım kimi deyil, heç kimə qarışmır, özünəqapalıdır. Görürdüm ki, o tamam başqa cür həyat tərzi sürür. Tamam başqa musiqilərə qulaq asır, kitablar oxuyur, kinolara baxır. Mən ona birinci-birinci musiqiylə yaxınlaşdım. Tez-tez yanına getməyə başladım, suallar verir, baş-beynini xarab eləyirdim. O da suallarıma cavab verirdi. Sonra o başladı şəhərə çıxanda məni özüylə aparmağa. Məni sərgilərə, kitab təqdimatlarına aparırdı, yazıçılarla tanış edirdi. Belə-belə mən də dəyişməyə başladım.
Həm də mən daim seçilməyə can atıram. Adilikdən xoşum gəlmir. Amma hələlik özümün xüsusi bir seçilmişliyimin olduğunu düşünmürəm. Çünki ortada nəticə yoxdu. Sən tutalım ki, oxuyursan, öyrənirsən, özünü mənəvi qidayla təmin edirsən. Amma ortalığa nəsə qoymasan, nəticə olmasa, mənə görə, sənin sıravi insanlardan elə bir fərqin yoxdur. Mənim hələlik elə bir fərqim yoxdur, sadəcə düşüncələrim biraz başqa cürdür”.
Fiziki, yoxsa mənəvi?
Düşüncə yolunu tutan insanların əksəriyyəti fiziki sağlamlığa barmaqarası yanaşırlar. Etiraf edək ki, idmançı görkəmli adamların ağıllı söhbətlər eləməsi elə də çox rastlanan hal deyil. Rejissor olmaq istəyən iri musqullu gənc – bu nə qədər təbiidir? Kənan isə idmana olan marağını belə izah edir:
"Sırf xüsusi məqsədim yoxdu. Sadəcə nəyləsə məşğul olmaq lazımdı. Mənim də əyləncəm budu. Həm ucuzdu, həm də keyfiyyətli. Hər gün səhər saat altıda durub 4-5 kilometr qaçıram, idman edirəm. Belə, özümü rahat və yaxşı hiss edirəm. Başqa nəsə eləməyə imkanım olsaydı, onla məşğul olardım, yoxdu deyə, bunu edirəm.
O qədər də ünsiyyətcil adam deyiləm, günümü daha çox evdə keçirirəm, vaxtı da nəyləsə keçirmək lazımdır. Dostla-tanışla görüşürsən, eyni söhbətlər, eyni şeylər olur. Sən nəsə oxuyursan, öyrənirsən. Amma gəlib görürsən ki, onlar yerlərində dayanıblar. Nəsə söhbət eləməyə çalışanda da, başlayırlar bilmədikləri şeylər barədə mübahisə eləməyə. Göstərməyə çalışırlar ki, təkcə sən yox, onlar da bilirlər. Amma danışdıqları sadəcə öz səhv təxəyülləri olur. Belə olanda da ünsiyyət pozulur...”
Və müharibə
Kənan söhbət zamanı bütün suallarıma rahatlıqla, gülümsəyərək cavab verir. Sanki hər şey elə belə də olmalıdır. Sonda ondan müharibə barədə soruşuram. Yenə əhvalını pozmadan eyni ovqatda cavab verir:
"Mən müharibəni görməmişəm, ümumiyyətlə. Müharibədən sonra, 1997-ci ildə Bakıda doğulmuşam, böyümüşəm. Müharibə haqda ancaq eşitmişəm. Amma bilirəm ki, mən də müharibənin bir parçasıyam, indi burda olmağım da müharibənin nəticəsidir. Atam isə tez-tez müharibəni yada salır. Deyir ki, mənim gül kimi iki mərtəbəli evim-eşiyim, həyət-bacam vardı Laçında. İndi gəlib bu kibrit qutularının içində yaşayıram. Bunu deyir hirslənir, qışqırır, televizorun pultunu yerə çırpır. Əvvəllər belə şeylər tez-tez olurdu, evdə müharibədən çox danışırdılar. İndi o qədər danışmasalar da (indi onların başqa qayğıları var), Laçını, evlərini yada salırlar. Atamla anam evlənəndən cəmi iki ay sonra Laçından qaçqın düşüblər. Atam indi də heyfislənir ki, kaş evdəki qiymətli əşyaları götürərdim, hamısı qaldı ermənilərə...
Bir də mən fikir vermişəm ki, qaçqın düşən insanların hamısının üzündə müharibənin izlərini görmək olur, hamısının sifətində əzab-əziyyət var. Mən əlbəttə ki, insanları bu vəziyyətə salanları, bizim qaçqın kimi yaşamaq məcburiyyətində qoyanları qınayıram, bağışlamıram. Amma məncə, bu sıravi insanların yox, onların, ermənilərin idarəçilərinin günahlarıdır. Bu, psixoloji problemləri olan insanların əməlləridir, onlara görə insanlar qırılıb... Hələ də bu oyun gedir və biz bu oyunun iştirakçısı olmaq məcburiyyətindəyik...
Amma mən qaçqınlığa faciə kimi baxmıram. Məncə, heç nəyi faciəyə çevirmək olmaz. Bu da bir cür taledi, hamının başına gələ bilərdi və bizim başımıza gəldi...”
Söhbətləşdi: Cavid Ramazanov
ANN.Az
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !